Tuyqun Nadirov: Hakim onu təxribata çəkdi – MÜSAHİBƏ
02.10.2012 - 12:34
Tuyqun Nadirov: Hakim onu təxribata çəkdi – MÜSAHİBƏ
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərarları necə qarşıladınız?
- Ruslan Abışova verilən qırmızı vərəqəni ləğv olunması ədalətli qərardır. Bununla, AFFA “Turan”la oyunumuzun hakiminin səhv etməsini etiraf etdi. Bu qərar istisna olmaqla, çıxarılan digər qərarları ədalətsizlik kimi qiymətləndiririk.

- Bununla bağlı hansısa addım atacaqsınız?
- Həm Zaur Ramazanovun, həm də Elnur Allahverdiyevin cəzalanması ilə bağlı Apelyasiya Komitəsinə müraciət edəcəyik.

- Siz Allahverdiyevin hərəkətinə haqq qazandırırsınız?
- Xeyr. Onun yol verdiyi hərəkət yolverilməzdir. Bu, nə “Xəzər Lənkəran”ın adına yaraşır, nə milli komandanın oyunçusunun. Lakin niyə 6 oyun?

- Allahverdiyev hakimə tüpürüb. Bəyəm cəza daha yüngül olmalı idi?
- Əlbəttə. Orada nəzərə alınmalı idi ki, hakim onu təxribata çəkib. Referi oyunu idarə edir, Elnuru da yaxşı tanıyır, futbolçunun psixoloji durumunu bilir. Elə bundan da istifadə edib, onu təxribata çəkdi.

- Cəzadan yeni dönməsinə baxmayaraq, komandanı pis vəziyyətdə qoyan müdafiəçi ilə bağlı siz hansı addım atacaqsınız?
- 2 gün əvvəl keçirilən klubdaxili iclasda onunla bağlı ölçü götürmüşük.

- Artıq komandadan qovulan Zaur Ramazanova kəsilən 5 min manat cəriməni kim ödəyəcək: özü, yoxsa klub?
- Hər bir əməkdaşımızın cəzalanmasına görə cəriməni klubumuz ödəyir.

- Hakimin səhvi etiraf olunsa da, artıq oyun arxada qalıb və komandanız 3 xal itkisi ilə üzləşib. Bunun “Xəzər Lənkəran”ın son pilləsində qərarlaşmasında rolunu necə qiymətləndirirsiniz?
- İntizam Komitəsinin də etiraf etdiyi hakim səhvi oyunun nəticəsinə təsir göstərib. Komandamız azlıqda qaldıqdan sonra məğlub olub. Həmin səhv olmasaydı, qələbə qazanacağı halda “Xəzər Lənkəran” 6-7-ci yerlərdə qərarlaşardı. Bu hakim səhvi nəticəsində təxminən 6 pillə geri düşdük.