Berti Foqts Elnur Allahverdiyevdən imtina edə bilər
02.10.2012 - 12:53
Berti Foqts Elnur Allahverdiyevdən imtina edə bilər
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev üçün Topaz Premyer Liqasının I dövrəsi vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, buna səbəb millimizin də üzvü olan 29 yaşlı müdafiəçinin İntizam Komitəsinin iclasında 6 oyunluq cəzalanmağıdır. Nəticədə Elnur uzun müddətdən sonra, daha dəqiq desək, noyabrın 24-də “Kəpəz”lə səfər oyununda cəzası bitərək, yaşıl meydana qayıdacaq.

Düzdür, bunadək oktyabrın 24-də Azərbaycan kubokunda yeni mövsümə start veriləcək və çempionatdakı cəzalar ora şamil olunmur. Ancaq “Xəzər Lənkəran” 1/16 finaldan azad olunacağından, noyabrın 28-də keçiriləcək 1/8 finaldan mübarizəyə başlayacağından, Allahverdiyevin yenidən oynamağı üçün 53 gün gözləməli olacaq.

Müdafiəçinin cəzalı olmağı onun millinin 2014-cü il dünya çempionatının seçmə mərhələsinin seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər oyununa çağırılmamağını daha inandırıcı edir.

Hər halda, baş məşqçi Berti Foqtsun Rusiya yığması ilə oktyabrın 16-da keçiriləcək səfər matçına çağırdığı Elnurun uzun müddət oyun praktikası sarıdan korluq çəkdiyini nəzərə alaraq, onu noyabrdakı matçdan kənarda qoyacağını demək olar.

Qeyd edək ki, Allahverdiyev “Turan”la oyunun 78-ci dəqiqəsində hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alıb.