“Neftçi” – addım-addım irəli
02.10.2012 - 14:30
“Neftçi” – addım-addım irəli
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən yaxşı 400 komandası siyahısındakı yeganə təmsilçimiz “Neftçi” növbəti dəfə irəliləyib.

Belə ki, Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda səfərdə Serbiya “Partizan”ından xal alan (0:0) “ağ-qaralar 259-cu pilləyə qalxıb. Hesabında 78 xal olan təmsilçimiz ötən ayla müqayisədə 46 addım irəliləyib.

“Neftçi” ilə eyni xala malik olub, 259-cu yeri bölənlər arasında “Katanya” (İtaliya), “Osasuna” (İspaniya), “Tuluza” (Fransa), “Vest Bromviç” (İngiltərə) kimi klublar var. Postsovet məkanının ən çox sevilən komandalarından olan Moskva “Spartak”ı da “Neftçi”dən geridədir.

“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İtaliya “İnter”i 28-ci, Rusiya “Rubin”i 95-ci, Serbiya “Partizan”ı isə 105-cidir.

400 komandalıq siyahının ilk 3 pilləsində isə dəyişiklik baş verib. İspaniya təmsilçisi “Barselona” 343 xalla 1-ci, Çilinin “Universidad” klubu 300 xalla 2-ci pillədə qalıb. 286 xalla 3-cü sıraya yüksələn Argentina “Boka Xuniors”u isə İspaniya “Real”ını “üçlük”dən kənarlaşdırıb.