Mirça Rednik: Hanı “Rednik pis məşqçidi” deyən futbolçular?
02.10.2012 - 15:16
Mirça Rednik: Hanı “Rednik pis məşqçidi” deyən futbolçular?
Mirça Rednik “Xəzər Lənkəran”dan ayrılandan sonra komanda özünə gələ bilmir. Rumıniyalı mütəxəssisin dönəmində olduqca iddialı görünən, çempionluğa oynayan cənublular hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Görəsən, qeyri-adi nə baş verib ki, “gəmiçilər”in başı üzərini qara buludlar alıb? Həqiqətənmi Yunis Hüseynov Rednik səviyyəsində bacarıqlı məşqçi deyil?

Bu suallara rumın mütəxəssislə söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Nə baş verdiyini məndən yox, klub rəhbərliyindən soruşun. Onlar daxildəki problemləri daha yaxşı bilməlidi. Açığı, Azərbaycan çempionatı ilə yaxından maraqlanmıram. Bu üzdən konkret nəsə deməyim düzgün olmaz. Bəzən sadiq azarkeşlər mənə “feysbuk”da yazır. Onlardan öyrənmişdim ki, vəziyyət ürəkaçan deyil. Ancaq sonuncu pillədə qərarlaşdıqlarını ilk dəfə sizdən eşidirəm. Səmimi deyirəm, bu xəbər məni pərişan etdi. Hər şey bir kənara, azarkeşlərin halına acıyıram. Onlar belə nəticələrə layiq deyil. İndiki məşqçini mənimlə müqayisə etməyinizi istəmirəm. Onu şəxsən tanımadığım üçün nəsə deyə bilmərəm”.

“Xəzər Lənkəran”dakı problemlər haqda bəndənizdən müəyyən məlumatlar əldə edən Rednikin ürəyi açıldı. Futbolçulardan, klub rəhbərliyinin özünə olan münasibətindən küskünlüyünü hiss etmək çətin deyildi: “Mən orda çalışanda bütün işləri peşəkar səviyyədə görürdüm. Ən incə məqama belə həssas yanaşmağa çalışırdım. Lakin mənə hörmətsizlik etdilər. Futbolçular haqqımda olub-olmayanı danışandan sonra işimdən kənarlaşdırıldım. Heç kimə heç nə demədən çantamı yığıb Lənkəranı tərk etdim Hanı “Rednik pis məşqçidi” deyən futbolçular? Niyə komandaya can yandırmırlar? Rednikin orda olması onlara sərf etmirdi. Çünki heç kim qaydalardan kənara çıxa bilməzdi, məşqdə onlardan daha çox əziyyət çəkməyi tələb edirdim. Skarlatakeni komandaya gətirmək üçün uşaq kimi yalvarırdım. Ancaq bu transfer mən gedən kimi baş tutdu”.

Yunis Hüseynovun köməkçilərinin istefaya göndərilməsi o demək deyil ki, gəncəli çalışdırıcı vəzifəsində qalacaq. Əldə etdiyimiz bilgiyə görə, Hüseynovu da eyni aqibət gözləyir. Sadəcə, hazırda rəhbərlik əcnəbi mütəxəssisin izinə düşüb. Onunla anlaşma əldə olunan kimi “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyinin baş tutacağı inandırıcıdı. Rednikin “təklif olsa Lənkərana qayıdarsız?” sualına cavabı belə oldu: “Peşəkar məşqçiyəm, “Petrolul”la gələn ilin yayına kimi müqaviləm var. Həm də işlərimiz qaydasında gedir. Bu üzdən mənə böyük ümid bəsləyən klub rəhbərliyi ilə vidalaşmaq fikrində deyiləm. Gələcəkdə bəlkə də “Xəzər Lənkəran”a qayıdaram. İndi istəsəm belə baş tutan məsələ deyil (Futbol+)”.

50 yaşlı mütəxəssisin diqqətinə “Neftçi”nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını çatdırdıqda məlum oldu ki, o, başverənlərdən xəbərdardı. Belədə niyə eyni uğuru “Xəzər Lənkəran”ın qazana bilməməsini aydınlaşdırmağa çalışdıq: “Neftçi”nin tarixi uğuru məni heç də şoka salmadı. Belə olacağını hardasa gözləyirdim. Rumıniyadakı dostlarıma sübut etdim ki, son illər Azərbaycanda futbola xüsusi diqqət ayrılır, böyük pullar yatırılır, bahalı transferlər gerçəkləşdirilir. Bu, gec-tez nəticə verməliydi. Qrupa niyə “Neftçi” vəsiqə qazanır, “Xəzər Lənkəran” yox? Çünki onlar bütün işləri ardıcıllıqla görür, tez-tez dəyişiklik etmirlər. “Xəzər Lənkəran”ın prezidenti komandaya can yandırır, ideal baza və sadiq azarkeşlər var”.