“İnter” meydana 5 əsas heyət üzvü ilə çıxacaq
03.10.2012 - 15:17
“İnter” meydana 5 əsas heyət üzvü ilə çıxacaq
İtaliyanın “İnter” klubu Avropa Liqasının qrup mərhələsində Bakıda “Neftçi” ilə qarşılaşmada start heyətində cəmi 5 əsas heyət oyunçusuna yer verəcək. Apasport.az saytının məlumatına görə, bu qənaətə apenninli həmkarlarımız gəliblər.

“Neradzurra”nın məşqlərini izləyən italiyalı jurnalistlər baş məşqçi Andrea Stramaççoninin “Neftçi” və ölkə çempionatının “Milan”la oyunlarına paralel hazırlaşdığını müşahidə ediblər. Onların fikrincə, mütəxəssis artıq hər 2 qarşılaşma üçün start “11-liy”ini müəyyənləşdirib.

Məlum olub ki, milanlılar Bakıda meydana 3-5-1-1 taktiki düzülüşü ilə çıxacaq. Heyətdə isə Handanoviç, Silvestr, Ranokkia, Xuan, Conatan, Quarin, Qarqano, Mudinqayi, Pereyra Koutinyo və Livaya yer alacaq.

3 gün sonra “Milan”la şəhər derbisinə çıxacaq “İnter” isə tam fərqli olacaq. Çempionat matçında qələbəni daha çox arzulayan “neradzurra” Bakıdakından fərqli, həmin qarşılaşmada 2 hücumçu ilə oynayacaq. 3-5-2 sistemi ilə qurulacaq heyətdə Handanoviç, Ranokkia, Samuel, Xuan, Zanetti, Quarin, Qarqano, Kambiasso, Naqatomo, Kassano, Milito yer alacaq.

Göründüyü kimi, “Milan”la “Neftçi” arasında fərq qoyan Stramaççoni Bakıda cəmi 5 əsas heyət oyunçusuna güvənəcək. Bunlar Handanoviç, Xuan, Ranokkia, Quarin və Qarqanodur.