“Düşmən də “İnter” önündə aciz qalmağımızı istəməz” – MÜSAHİBƏ
03.10.2012 - 15:41
“Düşmən də “İnter” önündə aciz qalmağımızı istəməz” – MÜSAHİBƏ
“Neftçi” klubunun futbolçusu Mirhüseyn Seyidovun apasport.az saytına müsahibəsi

- “İnter”lə oyuna hazırlığınız necə gedir?
- Ciddi hazırlaşırıq. Əhval-ruhiyyəmiz də çox yaxşıdır. Rəqibin necə komanda olduğunu yaxşı bilirik. Bu, bizim üçün böyük bir təcrübədir. “İnter”lə tarixi oyun bizim üçün şansdır. Hamı qələbəyə köklənib.

- Meydana 3 xal qazanmaq üçün çıxacaqsınız?
- Fikirləşsək ki, rəqib bizdən güclüdür, bu, bizə problem yarada bilər. Düzdü, rəqib güclü ola bilər. Amma hər komandada 11 nəfər oynayır. İnşallah, biz də çalışacağıq ki, rəqibi gözümüzdə çox böyütməyək. “İnter” də komandadır, “Neftçi” də.

- Deməli, adına görə “İnter”dən çəkinmirsiniz?
- Biz “İnter”lə bir qrupa düşmüşük, artıq oyuna çıxırıq. Burada bizim üçün qorxulu, çəkinməli bir şey yoxdur. İstənilən halda, “İnter”lə qarşılaşmalıyıq. Əgər qorxsaq, bizə çox mənfi təsir edəcək. Bu səbəbdən “İnter”in adını yaddan çıxartmalıyıq.

- Sanki Bakı “İnter”i ilə oynayacaqsınız...
- Belə deyək, sanki növbəti ciddi sınağa çıxırıq. Ancaq motivasiya Azərbaycan çempionatında olduğundan ikiqat çox olmalıdır. Hər cəhətdən yaxşı hazır olaq ki, nəticə qazana bilək. “İnter”lə matçı haqda uzun müddət danışmaq olar.

- Təbii ki, nəticə yaxşı olsa, uzun müddət danışılacaq. Ancaq elə etmək lazımdır ki, ağır məğlubiyyətlə xeyli vaxt müzakirə obyektinə çevrilməyəsiniz...
- Düzdür. Deyərdim ki, düşmən də rəqib önündə aciz qalmağımızı istəməz. Bu, elə bir matçdır ki, onsuz da uzun müddət danışılacaq. Ancaq istəyirik ki, bu, xeyrimizə danışılsın. Biz bunu istəyirik. Gərək bu imkanı əldən verməyək.

- “İnter” A seriyasının son 2 oyununda qalib gəlib. Rəqibin indiki çıxışını necə dəyərləndirərsiniz?
- “İnter”in adı, təcrübəsi bəs edir. Heyətində elə futbolçular var ki, təkbaşına görüşün taleyinə həll edə bilərlər. Çalışacağıq ki, rəqibin oyununu pozub, diktə edən tərəf biz olaq. Evdə, güclü azarkeş dəstəyi altında oynayacağıq. Bu şeylər bizi çox həvəsləndirir.

- “İnter” ulduz futbolçularını Bakıya gətirmir. Bu amil sizə və oyunun nəticəsinə nə dərəcədə təsir göstərə bilər?
- Ola bilsin “İnter” bizə yuxarıdan aşağı baxsın. Ancaq rəqibin heyətində kimlərin gəlməyinin, gəlməməyinin bizim üçün fərqi yoxdur. “İnter” əsas heyəti gətirmirsə, bu, bir az da ciddi yanaşmağa sövq edir. Çünki oynamayanlara şans veriləcək ki, özlərini göstərsinlər. Həmin futbolçular da əsas heyətə düşmək üçün ikiqat güclə oynayacaqlar.

- Sabahkı qarşılaşmada istənilən xalı qənaətbəxş sayacaqsınız?
- Bəli. Düzdür, evdə oynayırıq, qələbə istəyirik. Çünki bundan sonra “Rubin”lə ardıcıl matçlar var və xal ehtiyatımızı artırmalıyıq. Heç-heçəni pis nəticə saymamalıyıq.

Mehman SÜLEYMANOV