“Xəzər Lənkəran”dan qisasımı alıb, arzuma çatdım” - MÜSAHİBƏ
03.10.2012 - 16:43
“Xəzər Lənkəran”dan qisasımı alıb, arzuma çatdım” - MÜSAHİBƏ
“Turan” klubunun hücumçusu Salif Ballonun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın VII turunda “Xəzər Lənkəran”la oyundan sonra çoxları sizdən danışır. Deyəsən, sabiq komandanızdan qisas alırdınız?
- Həmin qarşılaşmaya yaxşı hazırlaşmışdım, əla da oynadıq. Düzdü, bu matçda sabiq komandamdan qisas aldım. Mənə qarşı edilən haqsızlığı hamı bilir. Orda olduğum müddətdə məşqçilər mənə şans vermədilər. 6 ay “Xəzər Lənkəran”ın düşərgəsində oldum, amma 1 dəfə də olsun meydana buraxmadılar. Onlar yaxşı futbolçu olduğumu bilmədilər.

- Deməli, “Xəzər Lənkəran”la oyunda məqsədinizə çatdınız...
- Yenə deyirəm, özümü bu qarşılaşmaya tam hazırlamışdım. Əlbəttə, məqsədimə çatdığım üçün çox sevinirəm.

- Meydana ikinci hissədə daxil oldunuz. Ancaq ola bilərdi ki, baş məşqçi sizə heç şans verməyəydi. Buna görə narahat deyildiniz?
- Bunu oyundan əvvəl danışmışdıq. Əsgər Abdullayev birinci hissədə rəqibi yormağa çalışacaqlarını, buna görə də mənə fasilədən sonra şans verəcəyini demişdi. Ürəyimə dammışdı ki, meydana çıxsam, qol vuracam. Həqiqətən də iki qol vurdum, həm komandam 3 xal qazandı, həm də arzuma çatdım. Çünki 6 ay “Xəzər Lənkəran”ın düşərgəsində olsam da, heç kim mənə inanmadı. Haqsız yerə komandadan qovdular.

- Bəs “Turan”a qədər başqa təklif almışdınızmı?
- Xeyr, xidmətimdə maraqlı olan komanda yox idi. Yalnız “Turan”dan belə bir təklif aldım.

- “Turan”a keçidiniz necə baş verdi?
- “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra Maliyə yollandım. Sonradan menecerim zəng vurdu və “Turan” variantının olduğunu dedi. Yenidən Azərbaycana qayıtdım və komandanın məşqlərinə qoşuldum. Hazırlıq prosesində özümü yaxşı tərəfdən göstərdiyimə görə, komandada saxlanıldım.

- Hazırkı komandanın maliyyə durumu heç də yaxşı deyil. Təklif alan vaxt sizə bunu demişdilər?
- “Turan” haqda heç nə bilmirdim. Hər şeyi bura gəldikdən sonra öyrəndim. İndi vəziyyət yaxşıdır. Mövsümün əvvəlində işlər yaxşı getmirdi. Sonradan yeni futbolçular transfer edildi.

- “Xəzər Lənkəran” sizi niyə qovmuşdu?
- Bilmirəm. Ötən mövsümün sonunda dedilər ki, bizə lazım deyilsən. Buna görə də müqaviləni qarşılıqlı şəkildə pozduq.

- Maraqlıdır ki, sizinlə birgə gələn Sadio Tounkara komandada saxlanıldı. Bəlkə ondan zəif olduğunuza görə kənarlaşdırıldınız?
- Tounkara cinah yarımmüdafiəçisi, mən isə hücumçuyam. Komandada Branimir Subaşiç adlı hücumçu var. O, pis oynasa belə, daim heyətdə yer alır. Amma bu şansı mənə yaratmadılar.

- Tovuza necə, uyğunlaşa bilmisiniz?
- Bəli, heç bir problemim yoxdu. Ümumiyyətlə, mənim üçün böyük və ya kiçik şəhər anlayışı yoxdur. Çünki əyləncə mərkəzlərinə gedən deyiləm. Evdə oturmağa üstünlük verirəm. Həm də “playstation”um var. O, mənə yetər.

- Fransız dilində danışdığınız üçün ünsiyyət probleminiz var...
- Tounkara ilə tez-tez danışıram. Razıyam, digər futbolçularla danışmaq baxımından problem yaşayıram. Bunu qısa vaxtda aradan qaldırmağa çalışacam.

- Yeri gəlmişkən, “Xəzər Lənkəran”ın sonuncu pilləyə yuvarlanması sizin üçün gözlənilən idi?
- Bunu heç gözləmirdim. “Xəzər Lənkəran” böyük klubdur. Sonuncu pillədə olmalara yaraşmır. Tezliklə toparlanacaqlarını düşünürəm.