Nevio Skala: “Neftçi”ni qiymətləndirməmək olmaz
04.10.2012 - 10:03
Nevio Skala: “Neftçi”ni qiymətləndirməmək olmaz
Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Neftçi” – “İnter” oyununa tanınmış italiyalı mütəxəssis Nevio Skala da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı bu gün baş tutacaq oyun ərəfəsində açıqladığı fikirlərdə Milan təmsilçisinə də məsləhətlərini verib.

Belə ki, Skala Çempionlar Liqasının II turunda baş tutan “Yuventus” – “Şaxtyor” qarşılaşmasını nümunə göstərib.

Skalanın fikrincə, turinlilərin rəqibi ilə evdə 1:1 hesabı ilə bərabərə qalması postsovet məkanı təmsilçilərinə ciddi yanaşmağı zəruri edir: “İndi futbolda hər şey başqa cürdür. Yüksəlişin axını artıq Şərqi Avropanı da əhatə edib. Bu isə hələ başlanğıcdır.

“İnter” “Yuventus”un oyunundan nəticə çıxarıb ehtiyatlı olmalıdır. Milanlılar “Neftçi” ilə səfər oyununda riskə getməyəcək. Əlbəttə, Bakı təmsilçisi də inkişaf etməkdə olan komanda sayılır və onu qiymətləndirməmək olmaz”.