“Azərbaycan yığması müdafiə futbolu oynayacaq”
10.10.2012 - 12:05
“Azərbaycan yığması müdafiə futbolu oynayacaq”
“Qarşımıza çempionatın yaz hissəsinə - növbəti mərhələyə çıxmaq vəzifəsi qoyulub. Azərbaycan və Sloveniya ilə keçirəcəyimiz ilk 2 oyunda maksimum nəticə göstərməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək qızlardan ibarət Rusiya millisinin baş məşqçisi Sergey Nikitin deyib.

O, Avropa çempionatının seçmə mərhələsi və rəqiblər – Azərbaycan, Sloveniya və İsveçlə oyunlar haqda fikirlərini açıqlayıb: “İsveçlə oyun fərqli məcrada olacaq. Çünki rəqib Avropanın ən yaxşılarından biridir. Lakin biz turnirdəki vəzifəmizi ilk 2 oyunda həll etməliyik”.

Nikitin yığmamızla oyuna xüsusi hazırlıq keçəcəklərini bildirib: “Azərbaycan və Sloveniya müdafiə futbolu oynayacaq. Krımsk toplanışında da buna uyğun hazırlıq keçəcəyik. Hücumların məntiqi sonluğa çatdırılması, imkanlardan yararlanmaq üzərində işləyəcəyik. Biz belə rəqiblərlə matçlarda ərazi üstünlüyündən istifadə etməyi bacarmalıyıq”.