Berti Foqts klublarımıza ilişdi
10.10.2012 - 12:53
Berti Foqts klublarımıza ilişdi
“Azərbaycan futbolunun gələcəyi var. Həm dövlət, həm də ayrı-ayrı şəxslər tərəfindən də bu idman növünə böyük maliyyə dəstəyi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis FİFA-nın rəsmi saytına açıqlamasında ölkəmizdə futbolun durumundan danışıb. O, həmişə olduğu kimi yenə klublardakı işdən narazılığını bildirib: “Burada hər gün futbolla maraqlanırlar. Azərbaycan balaca ölkədir. Əhalisi futbolla nəfəs alır. AFFA irəliləyir, klublar və onların məşqçiləri haqda isə bunu demək olmaz.

Onlar futbolçularını həftədə 4 dəfə məşq keçirlər, bu isə azdır. Klubların peşəkarlaşması yönündə hələ çox iş görülməlidir. Buna təkcə böyük pullar deyil, çox vaxt da sərf etmək lazımdır. Özü də təkcə oyunçu yetişdirməyi deyil, infrastrukturu da yaxşılaşdırmalıyıq. İşmizə lap sıfırdan başlasaq da həmişə irəli doğru getmişik”.