Danışma, Hacıyev, Qonçarenkoya bax!
10.10.2012 - 13:26
Danışma, Hacıyev, Qonçarenkoya bax!
Bədən tərbiyəsi ilə idman sinonim sözlər olsa da, hardasa fərqli cəhətləri də var. Mənim sağlamlığım üçün bədən tərbiyəsi ilə məşğul olmağım pul qazanan futbolçunun idmanla məşğul olmasından fərqlənir. Mən öz sağlamlığımın qayğısına qaldığıma görə heç kimin qarşısında məsuliyyət daşımıram. Amma idmançılar nəticələrinin quludu.

Bu gün uğur qazanan ucalacaqsa, uğursuz da buna görə tənqid olunacaq. Yəni, bir idmançı uğur qazanmağa borclu olduğu halda, uğursuzluğuna görə də cavab verməlidi. Bunun qarşılığında heç kim əldə etdiyi nailiyyətlə öyünməməlidi. Eləyə qalsa, birindən borc alıb sabah onu yiyəsinə qaytaranda "görürsən, necə yaxşı oğlanam, halaldı mənə, pulu qaytardım, bundan sonra heç kim mənə söz deyə bilməz" deməliyəm. Adama deyərlər ki, "borcundu qaytarmalısan, niyə özünü dağın başına qoyursan"?

Təəssüf ki, bizə bir balaca közərən kimi alışdığını iddia edən şəxslər var. Onlardan biri də "Neftçi"nin çalışdırıcısı Böyükağa Hacıyevdi. Bu şəxs "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxardıqdan sonra tanınmaz hala düşdü. Böyükağa bəyi uğuruna görə çox təriflədik, sən demə, böyük səhvə yol verdik.

Məsələ ondadı ki, bu günə qədər "Zəif" ləqəbiylə tanınan bu şəxs cəmi 2 ayda ucalığını bizə çox görərək, millət vəkilləri kimi toxunulmazlıq tələb edir. "Neftçi"ni qrup mərhələsinə çıxaran mütəxəssis kənar şəxslərin haqqında səsləndirdiyi fikirləri eşitmək istəmir. Daha doğrusu, digər həmkarlarının ağzından vurur ki, niyə "məni müzakirə edirsiz, siz hələ mənim qazandıqlarımın yarısını qazanın, sonra danışın".

Adama deyərlər, nə qazanmısan? Qrup mərhələsini başımıza vurursan? Bu gün Avropa ölkələri qotur Avroliqa oyunlarına əhəmiyyət vermir, sən onunla öyünürsən? Sən belə danışırsansa, o zaman BATE-nin baş məşqçisi Viktor Qonçarenko gərək avtomatla gəzsin! Kim onun haqqında danışırsa, avtomatı o bədbəxtin üstünə tuşlasın. Sən "İnter"in 2-ci heyətinə uduzduğun halda sənin oğlun yerində olan Qonçarenko səfərdə "Lill"i, evdə də ÇL-in son finalçısı "Bavariya"nı udur. Heç olmasa, Qonçarenkoya bax, danışma! Sonra da "Neftçi"nin oyunçularının qazancıyla BATE-nin futbolçularının qazancını müqayisə elə. Ona görə də danışma!

Sən "Neftçi"ni ÇL-in qrup mərhələsinə çıxartsaydın, deyərdin ki, mənə də böyük səlahiyyətlər verin və mən keçəndə yolları bağlayın! Bah, bilməmişdik...

Borc söhbətini də yuxarıda hədər yerə hallandırmadım. "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə çıxartmaq sənin borcun idi. Bəsdi, idmana bu qədər pul xərcləyib qarşılığını görməməyimiz. Dövlət Neft Şirkəti sizin üçün bu qədər pul xərcləyir, niyə bugünə qədər borcunu qaytarmırsız? Dövlət Neft Şirkətinin də pulu xalqın puludu. Xalq sənə etimad göstərib bu qədər pul verib. İndi bu qədər pulu qaytardığına görə özünü öyürsən?

Dəyməz, qadası! Sən bunu etməliydin! Bu sənin üçün idmandı, bədən tərbiyəsi yox! Öz sağlamlığının qayğısına qalmırsan e, "özüm bilərəm" deyirsən. Sən idmanla məşğul olursan və öz nəticələrinin də quluna çevrilmisən. Hər bir addımına görə cavab verməlisən (Sport-Ekspress).

Bir də ki, ay Böyükağa bəy, siz də vaxtıyla işsiz olanda onun-bunun fəaliyyətiylə bağlı fikirlərini bölüşürdüz və bəzən sərt danışırdız. Amma heç kim "Hacıyev öz işiylə məşğul olsun" demirdi. Biz bildiyimizə görə ağac bar verəndə başını aşağı əyər. Ancaq təəssüf ki, insan ağacla müqayisədə daha təkəbbürlüdü.

Böyükağa bəy, ağac meyvə verdiyinə görə başını aşağı salır. Yəni meyvələri yuxarıda saxlamağa gücü çatmır. Ancaq insan ağac kimi meyvə yetişdirə bilmir. Yetişdirdikləri də kal olur. Hələ ki, sənin "Neftçi" adlı meyvən çox kaldı! Xahiş edirik, yetişəndə danışarsız!