Rəşad Sadıqov: Ağrıkəsici iynə ilə oynaya bilərdim...
10.10.2012 - 15:25
Rəşad Sadıqov: Ağrıkəsici iynə ilə oynaya bilərdim...
“Yığmanın hazırlığında zədələndim. Dizim burxulduğumdan, məşq prosesindən kənarda qalmışam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.

Millimizin aparıcı futbolçusunun 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə oktyabrın 16-da Moskvada keçiriləcək matçı buraxmaq ehtimalının böyük olmağı narahatlığa səbəb olub. Hər halda, Rəşad millimizin lideri, müdafiə xəttinə başçılıq edən futbolçudur və onun xüsusilə səfər oyununda yoxluğu öz sözünü deyə bilər.

Sadıqovun sözlərinə görə, bir müddət müalicə olunmağına ehtiyac var: “Rusiya ilə süni örtükdə oynayacağımızdan, Bayılda belə meydançada məşq edirik. Oranın qazonu isə sərtdir və məşqdə hərəkət edən zamanı xəsarət aldım. Diz nahiyəmdə bir az maye yığılıb, bir az də əzələ dartılması var. Belə götürəndə, zədə ciddi deyil. Sadəcə, 5-6 gün dinlənməyə ehtiyac var. Bizim isə vaxtımız azdır. Hazırda müalicə olunuram. Zədəni oyuna 1 gün qalmış alsaydım, ağrıkəsici iynə vurub, meydana çıxardım. İndi də bunu edə bilərəm. Ancaq bunun üçün gərək oyuna qədər məşq edim, fiziki formada olub, taktiki məşğələlərə qatılım”.

Rəşad sabah taleyinə aydınlıq gələcəyini bildirib: “Sabah məşqə çıxıb, son vəziyyətə baxacağıq. Bundan sonra oturub danışacağıq, qərarımızı verəcəyik. Hər halda, bu, Azərbaycan çempionatının oyunu yox, beynəlxalq matçdır. Öz çempionatımız olsaydı, fərq o qədər hiss olunmazdı. Ancaq yığmanın rəsmi oyununa qədər məşq edib, hazır olmağım lazımdır”.

Kapitan Rusiya ilə oyunu xüsusi olaraq gözləyir: “Bu, mənim üçün çox vacib matçdır və oynamaq istəyim böyükdür. Təbii ki, ilk növbədə milli komandaya səfər matçında kömək etmək istəyirəm. Rusiya yığması kimi rəqiblə oyun maraq olacaq. Özü də bilirəm ki, bu, millidə 81-ci oyunumdur və sayda yeni rekordçumuz olacağam. İnşallah, qismət olsa, Moskvada bunu reallaşdıraram”.

Qeyd edək ki, Rəşad Portuqaliya ilə səfər matçında yığmamızın heyətində 80-ci oyununu keçirməklə, sabiq kapitan Aslan Kərimovun rekordunu təkrarlayıb.

Mehman SÜLEYMANOV