Çixradze Raabın cavabını verdi - MÜSAHİBƏ
17.10.2012 - 17:00
Çixradze Raabın cavabını verdi - MÜSAHİBƏ
“Simurq” klubunun gürcüstanlı baş məşqçisi Georgi Cixradzenin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının IX turunda “İnter”lə qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə gedir?
- Həmin matçın hazırlığına öncə Zaqatalada başladıq. Yığmaların rəsmi oyunları ilə bağlı yaranan fasilədən yararlanıb Gürcüstana getdik. Tiflisdə “Dinamo” ilə yoldaşlıq görüşü keçirib, Zaqatalaya döndük. Hazırda məşqləri davam etdiririk. Hər şey plan üzrə gedir.

- Çoxları “Simurq”la “İnter”i qardaş komandalar sayır. Bu haqda eşitməmiş olmazsınız...
- Bunun hardan qaynaqlandığını bilmirəm. “İnter”də çalışdığım 3 il ərzində “Simurq”la oyunlarımız həmişə çətin alınıb. Düzdü, həm Bakıda, həm də Zaqatalada adətən qalib gəlmişik. Amma buna böyük əziyyətlə nail olurduq.

- “İnter”lə qarşılaşmadan nə gözləyirsiniz?
- Qələbə qazanmağa çalışacağıq. Düzdü, oyundan öncə hesabı demək çox çətindi. “İnter” güclü komandadı. Amma 3 xal qazanmaq əla olardı.

- Mövsümün startında komandanızın qarşısına “altılığ”a düşmək vəzifəsi qoyulmuşdu. Artıq neçə turdur turnir cədvəlinin zirvəsində qərarlaşmısınız. Məqsəd dəyişməyib ki?
- Xeyr. Hələlik əsas məqsəd “altılığ”a düşməkdir. Sonrasına baxarıq.

- Yeri gəlmişkən, “Sumqayıt”ın baş məşqçisi Bernard Raab “Simurq”un birinci yerə layiq olmadığını söyləyib. Bu barədə nə deyə bilərsiniz?
- Bu, Raabın şəxsi fikridir. Ümumiyyətlə, həmkar haqda danışmaq düzgün deyil. Bütün diqqətimi komandamın oyununa, çempionata yönəltmişəm.

- Ola bilərmi ki, Raab bu sözləri qısqanclıqdan desin?
- Ola bilər. Hər halda, “Sumqayıt”ın işləri yaxşı getmir. Bu komanda “Simurq”la keçirdiyi qarşılaşmalarda adətən uduzur. Bəlkə də buna görə belə deyib.

- Azərbaycan yığmasının Rusiya ilə oyununa baxdınızmı?
- Bəli. Komandanız xal qazanmaq üçün yaxşı şans əldə etmişdi. Düzdü, sərgilənən oyun elə də baxımlı deyildi. Rusiya yığması böyük üstünlüyə malik idi. Futbolçularınız yaxşı müdafiə olunurdular. Sadəcə, son dəqiqələrdə hakimin təyin etdiyi penalti Azərbaycanı 1 xaldan etdi.

- Həmin epizodda penalti var idimi?
- Fikrimcə, yox. Qayda pozuntusu cərimə meydançasının kənarında baş vermişdi.