Mahir Şükürov: Bəzi mərdimazarlar mənə imkan vermədi
17.10.2012 - 19:18
Mahir Şükürov: Bəzi mərdimazarlar mənə imkan vermədi
“Biz bilirik ki, qarşıdakı oyunlarımız çətin olacaq. Həm çempionatda, həm də Avroliqanın qrup mərhələsində çıxış edirik. “Neftçi” ilə tarix yazmışıq, qismətimizdi ki, düşmüşük qrup mərhələsinə”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

Avroliqanın qrup mərhələsində ölkəmizi təmsil edən “ağ-qaralar”ı qarşıda “Rubin”lə ardıcıl oyun gözləyir. Əvvəl Kazan klubunun qonağı olacaq “Neftçi” ardından onu qəbul edəcək. Məhz “Rubin”lə oyunlar komandamızın qrupdan çıxmaq perspektivinə böyük ölçüdə aydınlıq gətirəcək.

Mahir hələ 2010-cu ildə “Anji”ninn heyətində çıxış etdiyi zamanı Rusiya Premyer Liqasından yaxşı tanıdığı kazanlıları güclü rəqib sayır: “Real danışsaq, “Rubin” elə-belə komanda deyil. “İnter”lə səfərdə 2:2 edib, evdə “Partizan”a qalib gəlib. Həqiqətən çətin rəqibdir. Həyatdır, hər şey ola bilər. Bəlkə elə olar ki, hansısa komandamız qrupa düşə bilməsin. Buna görə Avroliqa oyunlardan maksimum istifadə etməliyik ki, reytinq xallarımızı qaldıraq və tarix yazaq. Bizi “Rubin”lə ardıcıl 2 çətin oyun gözlədiyini yaxşı bilirik. Məşqçilərimizlə rəqibi təhlil edib, yaxşı hazırlaşmalıyıq ki, Kazan komandasından xal götürək”.

Şükürov “Neftçi” kimi vitse-kapitanı olduğu millimizin heyətində Rusiyada olduğu müddətdə diqqət mərkəzinə düşüb. Hər halda, 30 yaşlı müdafiəçi “Lujniki”dəki matçda yığmamızın heyətində onların Premyer Liqasında oynamış yeganə futbolçu idi. Mahir növbəti həftə “Neftçi” ilə səfər edəcəyi Rusiyada özünə qarşı diqqətin hiss etdiyini bildirib: “Moskvada qaldığımız otelə də çox adam gəlib-gedirdi. Orada məni tanıyırlar, deyirdilər ki, “Anji”nin futbolçusu Mahir Şükürov. Rusiyadan bir neçə jurnalist də mənimlə danışmışdı. Əgər Rusiya Premyer Liqada oynamışamsa, əlbəttə ki, tanımalıdırlar. Tanımadığım insanlar vardı ki, məni “Anji”də oynamış futbolçu kimi göstərirdilər. Ancaq özümü eşitməməzliyə vururdum, əhəmiyyət vermirdim. “Anji”də az oyun keçirməmişəm, 22-23 matçda meydana çıxmışam. Hər futbolçunun əlinə belə şans düşmür. Bir anlıq təəssüf etdim ki, indi də Rusiya Premyer Liqasında oynaya bilərdim. Ancaq bəzi mərdimazarlar buna imkan vermədi. Necə deyərlər, lənət şeytana”.

Qeyd edək ki, Şükürov millimizin Rusiya yığmasına səfərdə 0:1 hesabı ilə uduzduğu oyunda Rəşad Sadıqovun yoxluğunda kapitan sarğısını daşıyıb.

Mehman SÜLEYMANOV