İsveç möcüzəsi: Bundestimə qarşı “Bavariya” kimi!
17.10.2012 - 18:04
İsveç möcüzəsi: Bundestimə qarşı “Bavariya” kimi!
DÇ-2014-ün seçmə mərhələsinin dünən baş tutan oyunlarında gecənin qəhrəmanı İsveç millisi oldu. Almaniya yığmasının qonağı olan skandinaviyalılar 4:0 hesabı ilə geridə olsalar da, son 28 dəqiqədə bərabərliyi təmin etdilər. Apasport.az saytının araşdırmalarına görə, futbol tarixində 2 oyunluq duellərdə böyük fərqi ardan qaldıranlar da, 3 topluq geriliyi 90 dəqiqədə yoxa çevirənlər də az olmayıb. Lakin 1 matçda 4 topluq fərq də hələ məğlubiyyət demək deyil. Tarix göstərir ki, belə faktlar olub.

Bir müddət əvvəl açıqlanan futbol tarixinin 20 ən böyük “dirçəliş”i sırasında belə qarşılaşmalara təsadüf etmək olar. Həmin “Top-20”yə düşməyə layiq olan isveçlilərədək ən azı 2 nümunədə 4 topluq fərq aradan qaldırılıb. Təbii ki, bu 2 fakt yalnız “Top-20”yə düşənlərdir. Həmin 2 tarixi qarşılaşmanı xatırlatmaq yerinə düşər.

36 il əvvəl Bundesliqa tarixinin ən böyük oyunu baş tutmuşdu. Həmin vaxt “Bohum” “Bavariya”nı qəbul edirdi. Elə Almaniya yığması kimi fasiləyədək 3 qol vuran “Bohum” 2-ci hissədə fərqi 4-ə çatdırdı. Bu, 53-cü dəqiqədə baş verdi.

Amma “Bavariya” İsveçdən də amansız imiş. Səhnəyə çıxan əfsanələr – Karl Hayns Rummenigge və Herd Müller 5 qol vurub, hesabı 5:4-ə dəyişdi. Lakin bu da son deyildi. 80-ci dəqiqədə meydan sahibləri bərabərlik qolu vurdu. Lakin az keçməmiş Uli Höness “Bavariya”nın 6:5-lik qələbəsini gətirən qola imza atdı.

1952-ci ildə isə Olimpiya oyunlarının iştirakçısı olan SSRİ yığması əvvəl 0:4, sonra isə 1:5 hesabı ilə uduzduğu matçı xilas edib. Lakin “Bavariya”dan fərqli, yığma yalnız heç-heçə ilə kifayətlənib. Bu, Yuqoslaviya ilə qarşılaşmada baş verib.

Lakin bu 2 fakt qədər məşhur olmayan onlarla hadisə qeydə alınıb ki, 4 topluq üstünlük kifayət etməyib. Müxtəlif liqalar və çempionatlarda, fərqli turnirlərdə olan ən yaddaqalan “dirçəliş”lərin bəzilərinə nəzər salaq.

2011-ci il fevralın 5-də “Nyukasl” İngiltərə Premyer Liqasında “Arsenal”ı Bundestimin gününə saldı. Əvvəl 0:4 hesabı ilə uduzan nyukasllılar 4:4-ə nail odlular. 2010-cu il yanvarın 10-da isə Afrika Millətlər Kubokunda Anqola Mali yığmasına 4 cavabsız qol vurandan sonra rəqibin qarşısında aciz qalıb sonda 1 xalla kifayətləndi – 4:4.

1998-ci il avqustun 22-də isə Fransa çempionatında “Monpelye” dramı yaşandı. “Marsel”ə 4 cavabsız qol vuran komanda sonda 5 top buraxın xalsız qaldı. Bundan 1 il 21 gün əvvəl isə Danimarka çempionatında “Olborq” şok yaşamışdı. Onlar öz meydanında “Lyunqbyo”ya 4 cavabsız qol vurduqdan sonra arxayınlaşaraq, heç-heçəylə barışdı – 4:4.