Premyer Liqa: Gürcü-yerli mübarizəsi
17.10.2012 - 23:09
Premyer Liqa: Gürcü-yerli mübarizəsi
Media olaraq hər zaman yerli məşqçiləri əcnəbi mütəxəssislərdən üstün tutmuşuq. Özü də bunu sadəcə, eyni milli mənsubiyyətə məxsus olduğumuz üçün etməmişik. Yadellilər hər nə qədər adlı-sanlı olsalar da, ölkəmizdə azərbaycanlı həmkarlarının kölgəsində qalıblar. Təsadüfi deyil ki, geridə qalan 20 milli çempionatın 17-də yerli çalışdırıcının rəhbərlik etdiyi kollektiv qızıl medallara sahib çıxıb.

17 qızılın 6 sahibi

2006/07 mövsümündə "Xəzər-Lənkəran"ı çempionluğa daşıyan Ağasəlim Mircavadovun zəfərindən sonra istisnasız olaraq yadelli çalışdırıcılar qızıl medal qazanırdı. 2010/11 mövsümündə bu 3 illik ənənəyə son qoyan Arif Əsədov milli çempionatlar tarixində həm futbolçu, həm də baş məşqçi kimi çempionluq yaşayan şəxs kimi ilkə imza atdı. Lakin onun rəhbərlik etdiyi "Neftçi" Çempionlar Liqasında uğursuzluğa düçar olunca, vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı.

Əsədovadək 6 yerli mütəxəssis - Əhməd Ələsgərov, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Mehman Allahverdiyev, Elbrus Abbasov və Böyükağa Hacıyev baş məşqçisi olduqları komandaları zəfərə daşıya bilmişdilər. Bu siyahıda Qəhrəman Əliyevin də adı ola bilərdi. Lakin 2001/02 mövsümü yarımçıq dayandırıldığından onun baş məşqçisi olduğu "Şəmkir"in çempionluğunu rəsmiləşdirməsi mümkün olmadı.

Ölkəmizlə yanaşı, Ukrayna, Moldova və Tacikistanın əməkdar məşqçisi olan Əhməd Ələsgərov "Neftçi" üçün əvəzedilməz şəxsiyyətdi. 1966-cı ildə flaqmana SSRİ çempionatının bürünc medallarını qazandıran həmyerlimiz milli çempionatlar tarixinə ilk çempion məşqçi kimi düşüb. Məhz onun çalışdırdığı "Neftçi" 1992-ci ildə çempion kubokunu başı üzərinə qaldırıb.

Mircavadov xüsusi təqdimata ehtiyacı olmayan baş məşqçidi. O, 4 fərqli komanda ilə 5 dəfə çempion olmaqla ölkə futboluna damğa vurub. Ağasəlim bəy "Qarabağ" (1993), "Şəmkir" (2000, 2000/01), "Neftçi" (2004/05) və "Xəzər Lənkəran"la (2006/07) qızıl medallara sahib çıxıb. Di gəl ki, təcrübəli və titullu mütəxəssis son illərdə 2 dəfə "Xəzər-Lənkəran"ın baş məşqçisi postundan istefa verməli olub. Ən pisi isə odu ki, Mircavadov hələ də işsizdi.

Veteran futbolçu və təcrübəli mütəxəssis olan Kazbek Tuayev iki fərqli komandaya çempionluq sevinci yaşadıb. O, rəhbərlik etdiyi "Turan" (1993/94) və "Neftçi" (2003/04) ilə mövsümü zirvədə başa vura bilib. Tuayev "ağ-qaralar"la çempion olduğu mövsümün sonunda postunu Mircavadova təhvil verib və o vaxtdan bəri heç bir komandanı çalışdırmayıb. Kazbek bəy hazırda AFFA İcraiyyə Komitəsinin üzvüdü.

Son mövsümdə qızıl medallara sahib çıxan "Neftçi" builki zəfəri ilə çempionluq sayındakı liderliyini daha da möhkəmləndirdi. 7-ci dəfə ölkə çempionu olan bakılılar 6-ci dəfə qızıl medallara yiyələndilər ki, bu da 1996/97 mövsümü ilə bağlıdı. O vaxt əsas komandaların yarışında çempion olub, Çempionlar Liqasında ölkəmizi təmsil edən "Neftçi"yə yalnız gümüş medallar verilmişdi. AFFA-nın bonus xallar hesabına çempion elan edib, qızıl medal verdiyi "Qarabağ"ın birinciliyini isə nə UEFA, nə də indiki PFL tərəfindən tanınır. Həmin başıbəlalı çempionluğun memarı isə Elbrus Abbasovdu, hansı ki, o vaxtdan bəri heç bir komandanı çalışdırmır.

Mehman Allahverdiyev 1994/95 mövsümündə, 35 yaşında "Kəpəz"i çempionluğa daşımışdı. O, 1997/98 mövsümündə də "Kəpəz"ə "qızıl" qazandırmaqla Gəncə futboluna öz töhfəsini verdi. Di gəl ki, "Kəpəz" fəaliyyətini bərpa edəndən sonra Allahverdiyev yenidən baş məşqçi təyin olunsa da, heç nə ilə yadda qalmadı və istefa verdi.

Əsgər Abdullayev "Bakı"nı bir komanda kimi formalaşdırsa da, əziyyətinin bəhrəsini görə bilmədi. 2005/06 mövsümünün sonlarına yaxın "zolaqlılar"ın baş məşqçisi postundan ayrılan Abdullayev yerini Hacıyevə verməli oldu. Amma iş elə gətirdi ki, Böyükağa bəy həmin mövsüm "Bakı" ilə çempionluq sevinci yaşadı. Di gəl ki, "zolaqlılar" növbəti çempionatda uğursuz çıxış etdiyindən onu istefaya göndərdilər.

2009/10 mövsümündə Sumqayıt "Standard"ını çalışdıran Hacıyev orada da uğursuzluğa düçar oldu. Amma tale elə gətirdi ki, o, yenidən öz sözünü dedi. "Neftçi"də Əsədovu əvəzləyən təcrübəli çalışdırıcı həm çempion titulunu qorudu, həm rəhbərlik etdiyi klubumuzu avrokubokun qrur mərhələsinə daşıyan ilk məşqçi kimi tarix yazdı.

Üç muşketyor

Odlar Yurduna xeyli sayda yadelli ayaq bassa da, onlardan yalnız üçü - Valentin Xodukin, Qyoko Hacıyevski və Kaxaber Sxadadze çempionluq sevinci yaşamağa müyəssər olub. Ukraynalı Xodukin ölkəmizdə rəhbərlik etdiyi komandaya çempionluq kubokunu qazandıran ilk əcnəbi kimi tarixə düşüb. 2007/08 mövsümündə "İnter"lə "qızıl"a sahib çıxan Xodukin həm də ən yaşlı çempiondu. Həmin vaxt 69 yaşı olan Valentin Mixayloviç hazırda paytaxt klubunda məsləhətçi kimi fəaliyyətini davam etdirir və əsasən uşaq futboluna cavabdehdi. Belə ki, 2008/09 mövsümündə "İnter" çempionatı 2-cı pillədə bitirdiyindən Xodukini Sxadadze əvəzlədi.

Gürcüstanlı mütəxəssis isə ölkəmizdə 2-ci cəhddə arzusuna çatdı. Əvvəlcə "Standard"ın "sükanı arxasına" keçən, lakin bir il işlədikdən sonra vətəninə dönməli olan Sxadadze özünü "İnter"də sübut etdi. "Bankirlər" məhz onun rəhbərliyi altında 2009/10 mövsümünü zirvədə tamamladılar.

Haciyevskiyə gəlincə, son olaraq ölkəmizdə "Simurq"u çalışdıran və uğursuzluğa düçar olduğu üçün istefa vermək məcburiyyətində qalan makedoniyalı milli birinciliyimizdə çempionluq sevinci yaşayan 2-ci yadellidi. "Bakı" 2008/09 mövsümündə məhz Hacıyevskinin rəhbərliyi altında rəqiblərini qabaqladı. Lakin "zolaqlılar" növbəti mövsümdə hədəfindən uzaq düşüncə, o, istefa verməli oldu.

Yerlilər gürcülərə qarşı

Statistik məqamları boş yerə diqqətinizə çatdırmadıq. İş ondadı ki, XXI milli çempionatımızda da yerli məşqçilərlə əcnəbilər arasında "soyuq müharibə" gedir. Maraqlıdı, sonda kimin üzü güləcək?

Hazırda Premyer Liqa təmsilçilərindən 7-ni yerli, 5-ni əcnəbi mütəxəssis çalışdırır. Lakin yadellilərin rəhbərlik etdikləri kollektivlərdən yalnız "İnter" və "Simurq"un çempionluğa iddialı olduğunu söyləyə bilərik. Maraqlıdı ki, hər iki komanda gürcüstanlıya tapşırılıb.
Düzdü, Bojidar Bandoviçli "Bakı" da hər an ön plana çıxa bilər. Lakin bu, elə də inandırıcı görünmür. Bernard Raabın başçılıq etdiyi "Sumqayıt"la Kemal Alispahiçin "Rəvan"ı isə ən yaxşı halda ilk "altılığ"a düşmək üçün döyüşə bilərlər.

Əslində, heç həmyerlilərimizin də "sükanı arxasında" olduğu komandaların hamısı çempionluğa oynamır. Bu mənada "Turan", və "Kəpəz"i qeyd etmək olar. Müvafiq olaraq, Əfqan Talıbovla Mahmud Qurbanovun baş məşqçisi olduqları Qərb təmsilçilərinin cari çempionatda qarşılarında duran əsas vəzifə elitada qalmaqdı.

Hazırda turnir cədvəlinə Georgi Çixradzenin rəhbərlik etdiyi "Simurq" başçılıq edir. Yaxınlaradək "İnter"də həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi olan Çixradze hər kəsi yaxşı mənada təəccübləndirməkdə davam edir. Ötən mövsüm elitada qalmaq uğrunda mübarizə aparan "Simurq" indi liderdi. Elə məhz buna görə də bəziləri Zaqatala klubunun uzun müddət iddialılar sırasında yer alacağına inanmır. Lakin istənilən halda, Çixradzenin haqqını vermək lazımdı. "Simurq" hələlik cari çempionatda yenilgi üzü görməyən yeganə komandadı ki, bu da çox şeydən xəbər verir (Sport Ekspress).

Azarkeşlər Qurban Qurbanovun başçılıq etdiyi "Qarabağ"la Vaqif Sadıqovun AZAL-ından çox şey gözləyirlər. Təbii ki, Böyükağa Hacıyevli "Neftçi"ni də siyahıdan silmək olmaz. Yunis Hüseynovun çalışdırdığı "Xəzər Lənkəran"la Ramiz Məmmədova tapşırılan "Qəbələ"də müəyyən problemlər var. Onların çempionluq yarışında yer almaları məhz həmin "düyünlər"i çözmələrindən asılıdı.

Məşqçi işinin özünü ən yaxşı büruzə verdiyi komandaların başında "İnter" gəlir. Bəlkə də "Simurq" büdrəyə bilər. Lakin Sxadadzenin komandasının sonadək döyüşəcəyinə kimsə şübhə etməsin. İstənilən halda, yerlilər sayıqlığı əldən versə, "qızıl" gürcülərdən birinə çatacaq. Həmin gürcülərə ki, komandaları növbəti turda bir-biriylə görüşəcək.