“Azərbaycanla oyunu Moskvadan kənarda keçirmək lazımdır”
18.10.2012 - 14:49
“Azərbaycanla oyunu Moskvadan kənarda keçirmək lazımdır”
“Azərbaycan yığması ilə oyunda ilk 15-20 dəqiqəni rəqibə bağışladıq. Oyuna çətin girdik və sadə vəziyyətlərdə səhv edirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Sergey İqnaşeviç deyib.

2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına evdə 1:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən təcrübəli müdafiəçi startdan narazı qalıb: “Ancaq sonradan qaçdıq, əla vəziyyətlər yaranmağa başladı, sadəcə, son zərbələrdə dəqiqlik çatmırdı. Ola bilər ki, Portuqaliya ilə çətin oyundan sonra bərpa oluna bilmədik”.

İqnaşeviçin fikrincə, qola qədər onlarda əsəbilik olsa da, bu, oyunun keyfiyyətində əks olunmayıb: “Biz hər dəqiqə tempi artırır və qol imkanları yetərincə ardıcıl yaranırdı. Ancaq rəqib qapıçını ciddi yükləmək heç cür alınmırdı. Əlbəttə, bu, bizi təəssüfləndirdi. Ancaq necə deyərlər, oyun yaddan çıxır, nəticə isə qalır. Bu isə sadəcə, əladır”.

Sergey 80 minlik tutumu olan “Lujniki” stadionuna az adamın gəlməyinə təəssüflənir: “Çox əfsuslar olsun ki, tribunlarda belə az adam vardı. Mənə elə gəlirdi ki, biz ötən oyunda stadionun dolmağı üçün çox şey etdik. Ancaq görünür, yığmamıza belə oyunları Moskvada kənarda keçirmək çoxdan lazımdır”.