Elxan Məmmədov: Həmin iradlarla razılaşmıram
19.10.2012 - 23:01
Elxan Məmmədov: Həmin iradlarla razılaşmıram
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Milli komandanın Rusiyaya 0:1 hesabı ilə uduzduğu oyunu necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, bu, səfər oyunu idi və çətin olacağını anlayırdıq. Bununla belə, millimiz uzun müddət qapısını toxunulmaz saxladı. Təəssüf ki, 1 xalı qazana bilmədik. Həmin 1 xalı qazanmağa isə 6 dəqiqə qalmışdı. Ancaq həmin vaxt komandamız qol buraxdı. Yığmamız ilk hissənin 50 faizini yaxşı oynadı, sonra daha çox müdafiə futbolu göstərdi. İkinci hissədə də belə idi. 1 xalı qazana bilərdik, ancaq buna 6 dəqiqə çatmadı.

- Buraxılan qolda makedoniyalı hakim Aleksandar Stavrevin də “rolu” oldu. Yəni, penalti epizodunda qayda pozuntusu cərimə meydançası kənarında edilmişdi. AFFA artıq 2-ci dəfədir millimizin oyununda nəticəyə təsir edən hakim səhvlərinə görə beynəlxalq futbol qurumlarına müraciət etməyi düşünürmü?
- Fikrimcə, buna ehtiyac yoxdu. Biz bu günə qədər heç vaxt hakimlə bağlı şikayət etməmişik. Ola bilsin səhv, yaxud düzgün qərar idi. Ancaq həmin qərar artıq qəbul olunub və hakimin hər bir fikrinə hörmətlə yanaşmalıyıq. Bir sözlə, hakimlə bağlı şikayət etmək fikrimiz yoxdur.

- Millinin baş məşqçisi Berti Foqts Moskvadakı görüşdən dərhal sonra vətəni Almaniyaya yollandı. Onun AFFA rəhbərliyinə hesabatı nə vaxt olacaq?
- Oyun başa çatandan sonra Foqtsla görüşüb-danışmaq imkanımız oldu. AFFA prezidenti Rövnəq Abdullayevlə birgə oyunun müzakirəsi getdi. Bildiyiniz kimi, hər ilin sonunda geniş hesabat olur.

- Foqtsun seçdiyi müdafiə taktikası böyük müzakirə obyektinə çevrilib və əksər mütəxəssislər bundan narazıdı. Bəs AFFA rəhbərliyi yığmanın hazırkı oyun taktikasından nə dərəcədə razıdı?
- Bilirsiniz, mən həmin iradlarla razılaşmıram. Çünki taktika oyundan-oyuna fərqlidir. Misal üçün, yığmamız İsrailə qarşı hücum futbolu oynadı, qol vəziyyətləri yaradırdı. Belə oyun evdə çıxış etməklə bağlı idi. Son oyunlardan Bəhreyni götürək, onda da komandamız hücum taktikası seçmişdi. Təbii ki, Portuqaliya ilə görüşdə daha çox təzyiq altında olan millimiz müdafiə futbolu oynayırdı. Rusiya ilə matça gəlincə, Foqts da oyundan sonra mətbuat konfransında qeyd etmişdi ki, ilk hissədə 15-20 dəqiqədə hücum futbolu oynadı və həmin vaxt 3 künc zərbəsi vurmaq imkanımız oldu. Sonra isə oyun dəyişdi. Ona görə də taktika oyundan asılıdır.

- Millimizin bu il sonuncu - Şimali İrlandiya ilə səfər matçından nə gözləyirsiniz? Onu nəzərə alaq ki, Kamran Ağayev cəzalı olduğundan Belfastda oynamayacaq. Rusiya ilə matçı zədə üzündən buraxan kapitan Rəşad Sadıqovun qayıdışının vaxtı bilinmir, rəqib isə Portuqaliya ilə səfərdə 1:1 hesablı heç-heçə etməklə sensasiyaya imza atdı...
- Şimali İrlandiyanın nəticəsi bu turun sensasiyası qəbul olundu. Həmin gün 2 oyun belə sayıldı. Digər matç Almaniyanın İsveçlə evdə 4:0 hesabı irəlidə olduğu oyunun 4:4 bitməsi oldu. Biz də təəccübləndik ki, Şimali İrlandiya Portuqaliyada 1 xalı necə qazandı. Ancaq baş məşqçimiz buna müvafiq hazırlığını edir. Mən hazırda bu haqda geniş şəkildə bir şey deyə bilmərəm. Bilirik ki, Kamran 2 sarı vərəqəsi olduğu üçün oyunu buraxacaq, bəzi futbolçuların zədələri var. Ümid edirik ki, komandamızın üzvləri özlərinə gələcəklər, zədələri keçəcək. Ağayevə gəlincə, futboldur, belə şeylər olur. Onun yoxluğunda 2-ci, yaxud 3-cü qapıçıya şans veriləcək. Bu, artıq baş məşqçinin qərarıdır.

- Portuqaliya və Rusiyanın aşkar favorit olduğu qrupumuzda digər 4 yığma arasında elə böyük fərq yoxdur. Bu mənada artıq 5-ci olmuş millimiz daha yuxarı nəticə göstərməyi nə dərəcədə realdır? 3-4-cü pillələrə iddia edə bilərik?
- Hesab edirəm ki, bu, real vəzifədir və millimiz bu seçmə mərhələnin nəticəsinin keçən dəfəkindən rekord olmağı üçün əlindən gələni edəcək. Bildiyiniz kimi, onda 7 xalla rekorda imza atmışdıq. Millimizin qarşısına maksimal vəzifə qoyulub.

Mehman SÜLEYMANOV