Göz
19.10.2012 - 23:24
Göz
Bir göz qırpımında gəldi-keçdi. Gözlədik, gözlədik, gözəl gələcək ümidiylə gözlədik. Biz gözləməyimizdə olduq, o isə gəldi-keçdi, gözümüz arxasınca qaldı.

Yığmaya görə çempionatda yaranan fasilə artıq dünən başa çatdı. "Neftçi" - "Kəpəz" matçı ilə gözümüzün önündə millimizin daha bir səfər oyunu göz dağına çevrildi, gözdəndüşmə kimi yaddan çıxdı. İndi gözümüzü çempionat matçları “mazol” edəcək, bir də növbəti seçmə oyunu gözləyəcəyik.

Hə, gözləyəcəyik, amma hansı gözlənti ilə? Şimali İrlandiya ilə görüşü gözəlləşdirmək üçün göz önünə gətiriləcək bir şey varmı? Bu oyundan sonra "gözümüz aydın" demək üçün ümid qığılcımı görürsüz?

İndi hamı Foqtsu Rusiya ilə oyunda müdafiə futbolu oynamaqda, həddindən artıq müdafiəyəmeylli taktika qurmaqda ittiham edir. Ancaq gəlin nəyə görəsə tənqid etsək də, Foqtsu qınamayaq.

Qrupun favoritləri ilə oyunda bizim üçün bundan gözəl taktika ola bilməzdi. Portuqaliya ilə oyunda 63, ruslara qarşı 84 dəqiqə hamı nəticədən razı idi. 0:0-a hətta Foqtsu gözü götürməyənlər, amma yığmanın uğurunu istəyənlər də sevinəcəkdi. Amma dözmədik, bacarmadıq. Daha doğrusu, dözmədilər, bacarmadılar. Deməli, taktika doğru, sadəcə, gözəl ifaçılar yox idi.

Boğazdan yuxarı vətənpərvərlik etmək lazım deyil, siz yığmadan kənarda qalan 3 nəfər səviyyəli futbolçumuzun adını çəkə bilərsiz? Özünüzü yormayın, beləsi yoxdu. Legioner yığını olan klublarımızın heyətində millidə oynamağa layiq yerli futbolçu gözə dəymir.

Uğuru legionerlər hesabına qazanan "Neftçi"dən niyə cəmi 1 futbolçu yığmada idi? Ona görə ki, bu komandanın da yükünü əcnəbilər çəkir, Rəşad Sadiqov, Cavid İmamverdiyev 1 oyunu parlaq, beşini partlaq keçirir, Mirhüseyn Seyidov, Araz Abdullayev və başqa gənclər hətta gənclər yığmamızın gözü ola bilmir. Foqts kimin qara gözünə aşiq olsun?

Fəxrlə yerli oyunçuları göz bəbəyinə çevirən "Qarabağ"a baxın. Bu komandanın gözəl yerliləri indi nə vəziyyətdədi? Rauf Əliyevin hətta yoldaşlıq oyununda axırıncı dəfə nə vaxt qol vurduğunu xatırlayırsız? Doğulmamış ulduz sayılan Əfran İsmayılovu gözə soxacaqsız, yoxsa istedadını Hollandiyada qoyub gələn Vaqif Cavadovu?

Aradabir Premyer Liqanın bombardirlər siyahısına da göz atın. İlk "onluq"da azərbaycanlı görənə gözəlləmə yazacam.

Ona görə də reallığı gözə alıb ona görə danışaq. Bu gün yığmadan başqa oyun gözlədiyini deyən Ağasəlim Mircavadova Oserdən, Vaqif Sadıqova Lixtenşteyndən sitat gətirərəm. Öz gözünüzdə tiri görməyib başqasının gözündə çöp axtarırsız.

Bilirəm, indi ölkə futboluna böyük pullar yatırıldığını, zamanın dəyişdiyini gözə soxacaqsız. Amma sizə də məlumdu ki, o pulları gələcəyin gözəl futbolçularını yetişdirməyə yox, gözdəndüşmə əcnəbilərin yemlənməsinə sərf edirik. Belə anormal inkişafla yığmadan necə nəticə gözləyə bilərik?

Əli Gökdəmiri xain çıxarmağa tələsməyin, gözəl bir yerli dayaq yarımmüdafiəçisi göstərin, ondan da, Çertoqanovdan da gözümüzü çəkək. Yoxdu axı, yoxdu, yoxdu...

Bu gün yığmanın inkişafı üçün həqiqətən potensial gözə dəymir. Milli o zaman nəticə verə bilər ki, oyunçu bolluğundan heyətə düşmək uğrunda rəqabət yaransın, gözəl ifaçılar olsun və bizi hücum etmək barədə də düşünək. Ancaq bu gün millimizin ən yaxşıları qapıçı Kamran Ağayev, müdafiəçilər Rəşad Sadıqov, Mahir Şükürov və Ruslan Abışovdu, vəssalam.

O zaman Foqtsdan nə istəyirik? Evdə ən zəif dönəmlərini yaşayarkən Avstriya ilə heç-heçəyə sevinən Vaqif Sadıqovu da gətirsən, bu taktikaya üstünlük verəcək. Çünki bu gün millimizin nisbətən yaxşı bacardığı şey müdafiə olunmaqdı.

Birində 63, digərində 84 dəqiqə. Gözəgirən futbol üçün gözəl ifaçılar olmalıdı. Ermənilərin Ukrayna və Rusiya çempionatlarının bombardiri olan Mxitaryanla Movsisyan kimi; Belarusun "Bavariya"ya qan udduran yerli hücumçuları kimi (Sport Ekspress).

Daha "Adana Dəmirspor"da belə heyətə düşməyən Cavid Hüseynov kimi yox. Gözümüzü açıb həqiqətin gözünə baxaq, Foqtsun gözünü çıxarmaqla iş bitməyəcək. Müdafiə olunmağı bacarmırıq, amma nisbətən bacardığımız şey elə budu - gözümüz götürməsə də...