“Dieqonu Azərbaycana gəlmiş ən güclü qapıçı sayıram” – MÜSAHİBƏ
01.11.2012 - 12:36
“Dieqonu Azərbaycana gəlmiş ən güclü qapıçı sayıram” – MÜSAHİBƏ
“Qəbələ” klubunun qapıçısı Anar Nəzirovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XI turunda “Qarabağ”la görüşdə qələbəsiz oyunlar seriyasına son qoydunuz. Bu matçla bağlı nə deyə bilərsiniz?
- Hər iki komandaya qələbə lazım idi. Çünki həm “Qarabağ”ın, həm də “Qəbələ”nin turnir cədvəlində vəziyyəti yaxşı deyildi. Bu səbəbdən hər iki tərəf lazımi nəticə qazanmaq istəyirdi. Ancaq turnir cədvəlində yerimiz daha acınacaqlı olduğundan, biz də daha çox istəkli idik. Şükürlər olsun ki, ilk hissədə vurduğumuz iki qol bizə qələbə qazandırdı.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız...
- Avroliqada oynayan komandaya qarşı çıxış etmək hər zaman maraqlıdır. Bununla belə, düşünürəm ki, qələbənin davamını gətirəcəyik. Doğma meydanda, azarkeşlərimiz önündə çıxış edəcəyimizi nəzərə alsaq, “Neftçi” ilə görüşdən də 3 xal götürməyə məcburuq.

- Ramiz Məmmədovun gəlişindən sonra start heyətdə meydana çıxırsınız. Ancaq maraqlıdı ki, ötən mövsüm icarə əsasında formasını geyindiniz “Turan”la matçda sizə şans verilmədi. Bunun səbəbi nə idi?
- Bunun səbəbini baş məşqçidən soruşmaq lazımdır. Belə məsləhət görübsə, səbəbini də daha yaxşı izah edə bilər.

- Yəni, hər hansı səhvə görə kənarda qaldığınızı düşünmürsünüz?
- Fikrimcə, “Qəbələ”də qapı mövqeyində rəqabət güclüdü. Digər qapıçımız Dieqo Kosta Silvanı Azərbaycana gəlmiş ən güclü qapıçı sayardım. Onun karyerasına baxanda, dediklərim sübut olunar. Zarafat deyil, ötən mövsüm Portuqaliyada “Vitoriya” kimi klubun şərəfini qoruyub. Eləcə də, digər qapıçımız Elnar Kərimov da çox güclü futbolçudur. Hazırlıqlar zamanı görürsən ki, necə istəklidir, öz üzərində necə işləyir. Bu üzdən düşünürəm ki, bəzən ehtiyatda qalmağımı başa düşmək olar. Çünki rəqabət var. Bu, hər üçümüz üçün yaxşı haldır.

- Yığmanın Şimali İrlandiya ilə oyununda Kamran Ağayevi əvəzləməyə hazırsınız?
- Təbii ki, həmin matçda şans verilsə, canla-başla yığmanın qapısını qorumağa hazıram.

- Demək istəyirik ki, meydana çıxsanız həyəcan hissi ilə üzləşməyəcəksiniz ki? Çünki debüt etmiş olacaqsız...
- Həyəcan hissinin olması təbiidir. Debüt etməsəm də, düşünürəm ki, qapıda dayanmağımda o qədər də problem yaşamayacam. Çünki uzun müddətdir ki, yığmaya çağırılıram və bu həyəcanı müəyyən mənada hiss etmişəm. Yenə deyirəm, şans verilsə, qapıda əlimdən gələni etməyə hazıram.