Yunis Hüseynov o günü görmədi
01.11.2012 - 12:59
Yunis Hüseynov o günü görmədi
Yunis Hüseynov “Xəzər Lənkəran”ın baş məşqçisi postunda növbəti yubileyini qeyd edə bilməyib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” 47 yaşlı çalışdırıcının rəhbərliyi altında ümumilikdə 24 oyunda meydana çıxıb.

Yubiley - 25-ci görüş noyabrın 4-də Lənkəranda “Rəvan”a qarşı olacaqdı ki, Hüseynovun I dövrənin son turunun “Sumqayıt”la 1:1 hesabı ilə nəticələnən səfər matçından sonra istefaya göndərilməyi buna imkan vermədi.

O, cənub təmsilçisinin “sükanı arxası”ında bu ilin martın 19-da debüt etdi. Ancaq Lənkəranda “Bakı”ya 0:1 hesabı uduzduqları matç baş məşqçi üçün uğursuz alındı. Bu, “altılığ”ın II turu idi.

Hüseynovun “Bakı” ilə səfər matçı isə biabırçı alındı. Belə ki, onda komanda 1:4 hesabı ilə yenildi. Özü də bu, Hüseynovun cənub təmsilçisində 7 aylıq fəaliyyətinə yeganə böyük hesablı məğlubiyyət idi. Çalışdırıcıya “Bakı”dan cari mövsümdə əvəz çıxmaq imkanı olsa da, bu, ona qismət olmadı.

Çünki ilk dövrədə keçirilməli olan “Xəzər Lənkəran” – “Bakı” matçı 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının oyunlarının Lənkəranda keçirilməyi ilə əlaqədar sonraya təxirə salındı.

Təbii ki, Hüseynovun lənkəranlılarla keçirdiyin oyunların çoxu çempionatda oldu. Bunda da yubiley - 20-ci matç “Rəvan”la matçda olacaqdı. Əgər ölkə kuboku və Avroliqadakı nəticələri xallarla nəzərə alsaq, çalışdırıcı yubiley – 35-ci xalın bir addımlığında qaldı.

Hüseynov “ağ-yaşıllar”da ölkə kubokunda cəmi 1 oyun keçirə bildi. Bu da “İnter”lə Lənkəranda 1:1 hesabı ilə cavab oyunu idi. Onda “Xəzər Lənkəran” səfərdə türkiyəli sabiq baş məşqçisi Cüneyt Biçərin rəhbərliyi altında 2:3 hesabı ilə uduzduğundan, mübarizəni 1/4 finalda dayandırdı. Cənublular Azərbaycan kubokunun cari mövsümündə ilk mərhələdən azad olunduğundan, Hüseynov turnirdə mübarizəyə qatıla bilmədi.

Onun Avroliqada göstəricisini daha uğurlu saymaq olar. Düzdür, komanda turnirdə keçirdiyi 4 oyunda cəmi 1 qələbə qazandı. Ancaq “Nomme Kalyu” klubuna Estoniyada 2:0 hesabı ilə məğlub etdiyi matç “Xəzər Lənkəran”ın 8 illik tarixinə düşdü. Belə ki, onun avrokuboklarda ilk qələbəsi, ilk mərhələ keçməyi həmin vaxt reallaşdı. Hüseynovun “Xəzər Lənkəran”la qazandığı mükafat isə çempionatda gümüş medal oldu.

Yunis Hüseynovun “Xəzər Lənkəran”da göstəriciləri
Premyer Liqa

19 oyun - 7 qələbə, 7 heç-heçə, 5 məğlubiyyət, topların fərqi - 24-17, 28 xal

Ölkə kuboku
1 oyun - 1 heç-heçə, topların fərqi 1-1, 1 xal

Avroliqa
4 oyun - 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, topların fərqi – 5-4, 5 xal

Yekun: 24 oyun - 8 qələbə, 10 heç-heçə, 6 məğlubiyyət, 30-22, 34 xal

Mehman SÜLEYMANOV