Millimiz üçün rüşvətxor, qalmaqallı hakim - VİDEO
01.11.2012 - 17:24
Millimiz üçün rüşvətxor, qalmaqallı hakim - VİDEO
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçını idarə etmək qalmaqallı hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı FİFA referisi Viktor Şvetsov ötən mövsüm vətəni Ukraynada böyük qalmaqal yaratmışdı.

Həmin qalmaqal I liqada “Sevastopol”la Zaporojye “Metallurq”u arasındakı qarşılaşmada qeydə alınıb.









Belə ki, Şvetsov “Sevastopol”un futbolçusu Sergey Kuznetsovun açıq əllə, Maradonsayağı vurduğu qolu hesaba alıb. Bu, baş hakimin gözü qarşısında olsa da, o, qayda pozuntusu qeydə almaq əvəzinə mərkəzi göstərib.

Həmin vaxt “Metallurq” futbolçularının hakimin qərarına etiraz etməyindən sonra meydanda qarışıqlıq düşüb. Baş hakim bu qalmaqalda zaporojyeli futbolçulara 2 qırmızı vərəqə göstərib. Üstəlik, meydana çıxan “Sevastopol”un baş məşqçisi, vaxtilə “Bakılı”da oynamış ukraynalı müdafiəçi Sergey Puçkovu qovub.

Bununla, 2:1 hesabı ilə qalib gələn Krım təmsilçisi 2-ci yerin taleyini həll edərək, Premyer Liqaya vəsiqə qazanıb. Özü də Şvetsov bu kobud səhvi Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri, ötənlərin məşhur italiyalı hakimi Pyerluicci Kollinanın gözü qarşısında edib.

Beynəlxalq karyerasının bitməyinə 2 il qalan Şvetsovun belə idarəçiliyindən sonra adı rüşvətxorluqda hallanıb. Ünvanına söyüşlər səsləndirilən referinin nüfuzuna böyük zərbə dəyib və onun adı Avropa çempionatının final mərhələsindəki ehtiyat hakimlər sırasına salınmışdı.

Şvetsov əslən Odessadandır və hakimliyə 1991-ci ildə başlayıb. Həmin vaxt regional futbol yarışlarında idarəçilik edən hakim 1 il sonra həvəskarların çempionatında, 1994-cü ildə II liqada işləməyə başlayıb. Onun I liqaya yolu 2002-ci, Premyer Liqaya 2005-ci ildə olub.

Şvetsov FİFA referisi dərəcəsini aldığı 2008-ci ildə Ukrayna kubokunun final oyununu idarə edib. Bu, Ukrayna nəhəngləri - “Şaxtyor”la Kiyev “Dinamo”su arasında matç olub.

Hakim donetskilərin Xarkovda 2:0 hesabı ilə qalib gəldiyi oyunda 5 qırmızı vərəqə göstərməyi ilə diqqət mərkəzinə düşüb. Bunlardan 3-ü Şaxtyor”un, 2-i “Dinamo”nun futbolçularına olub.

Ukraynalının hakimlik karyerasında yolu bizimlə də kəsişib. Bu, “İnter”in 2009-cu ilin yayında Avroliqanın I təsnifat mərhələsində Slovakiya “Spartak”ına səfərdə 1:2 hesabı ilə uduzduğu ilk oyun olub. Onda “bankirlər”in heyətində olan futbolçulardan Vladimir Levin, Mahir Şükürov, Aleksandr Çertoqanov, Cavid Hüseynov Şimali İrlandiya ilə oyuna çağırıldıqlarından, ukraynalı hakimlə bu dəfə yığma səviyyəsində oyunda üzləşəcəklər.