Fərhad Vəliyev: Həmin 2 matçın güdazına getdim
06.11.2012 - 12:23
Fərhad Vəliyev: Həmin 2 matçın güdazına getdim
“Uşaqlarla bir yerə toplaşıb, AZAL üzərində qələbə qazanmalı olduğumuz haqda söhbət edirdik. Həm məşqçimizə, həm də klub prezidentinə görə əlimizdən gələni etməli idik. Üstəlik, “Qarabağ”ın böyük adı var. İlk dövrədəki 2:6 hesablı yenilgini də unutmamışdıq. Revanşdan söhbət gedə bilməzdi. Ancaq Qurban Qurbanov həmin oyundan sonra demişdi ki, nəticə ona ağır təsir edib. Biz də bu amili nəzərə aldıq və qələbə qazandıq”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.

Təcrübəli qapıçının milli komandanın Şimali İrlandiya ilə seçmə mərhələdə keçiriləcək qarşılaşmasına çağırılacağı gözlənilsə də, bu, baş vermədi. Fərhad bu gözlənilməz qərardan məyus olub: “Əlbəttə, bundan öncə 2-3 tur klubumda oynamışdım. Məni AFFA-ya dəvət etdilər. Pasportumu istədilər, mən də verdim. Görünür, “Xəzər Lənkəran” və “Qəbələ” ilə matçları buraxdığıma görə mənə dəvət göndərilmədi. Çünki çağırılmamağıma başqa izah verə bilmirəm. Yəqin ki, həmin iki matçın güdazına getdim”.

Vəliyev “Xəzər Lənkəran” və “Qəbələ” ilə görüşlərdə oynamamağı haqda da danışıb: “Açığı, “Xəzər Lənkəran”la oyunda meydana çıxmamağımın səbəbini bilmirəm. Amma həmin matçdakı yenilgidən sonra “Qəbələ” ilə görüşdə oynayacağımı gözləyirdim. Bununla belə, yenə meydana çıxmadım. Səbəbini isə baş məşqçimiz bilir. Qərar ona məxsusdu. Düşünürəm ki, həmin matçlarda meydanda olsaydım, Berti Foqtsun da diqqətini də çəkəcəkdim. Amma ümidimi itirmirəm. Hələ Şimali İrlandiya ilə matça vaxt var. Ola bilsin ki, sonradan hazırlıqlara çağırılım”.