Ramiz Məmmədov və “Simurq” cəzalandırıldı
06.11.2012 - 14:26
Ramiz Məmmədov və “Simurq” cəzalandırıldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının ötən tutunda baş verən xoşagəlməz olaylar hüquqi qiymətini alıb.

“Qəbələ” – “Neftçi” oyununun 89-cu dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Ramiz Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 1000 manat cəriməyə məruz qalıb.

Əsas müzakirə Tovuzdakı oyunda baş verənlər olub. Belə ki, “Simurq”un 7, “Turan”ın 4 futbolçusu sarı vərəqə aldığından, klublar hərəyə 1000 manat cərimələnib. Zaqatalalıların kapitanı Rasim Ramaldanov oyunun 63-cü dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Matçın 80-ci dəqiqəsində “Simurq”un futbolçusu Qərib İbrahimov hakimi təhqir etdiyinə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün haqqında 4 oyunluq cəza və 4000 manat cərimə ilə bağlı qərar çıxarılıb. Eyni cəza aqressiv hərəkətə və qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq komanda yoldaşına İlkin Qırtımova şamil edilib. Bununla da “Simirq” ümumilikdə 1:1 bərabərliklə nəticələnən oyunda 9200 manat xərcə düşüb.