“Mənim üçün harda işləməyin fərqi yoxdur” - MÜSAHİBƏ
06.11.2012 - 14:45
“Mənim üçün harda işləməyin fərqi yoxdur” - MÜSAHİBƏ
15 yaşadək futbolçulardan ibarə Azərbaycan yığmasına (U-15) baş məşqçisi təyin olunan Təbriz Həsənovun apasport.az saytına müsahibəsi

- AFFA rəhbərliyinin qərarı ilə U-17-nin baş məşqçisi vəzifəsindən azad edilib, U-15 komandasına təyin olundunuz. Bunu necə qarşıladınız?
- Mən U-17, U-16 və U-15-də işləmişəm. Əsas işim gənc futbolçuları cəlb etmək, gələcəyin komandasını hazırlamaqdır. Bu mənada AFFA rəhbərliyi hansı yığmada çalışmaqla bağlı qərar verərsə, bunu qəbul etməyə hazıram. Yəni, mənim üçün hansı yığmada işləməyin fərqi yoxdur.

- Sizə elə gəlmir ki, U-17 Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxsaydı, postunuzda qalacaqdınız?
- Ola bilər. Təbii ki, nəticəyə görə ilk növbədə baş məşqçi cavabdehlik daşıyır. Növbəti mərhələyə keçə bilərdik, ancaq alınmadı. Bundan sonra baş məşqçi postunda dəyişiklik normaldır. Mən bunda, qəbahət görmürəm.

- Ümumiyyətlə, seçmə mərhələdə uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Çətin qrupa düşmüşdük. Yalnız onu demək yetərlidir ki, İspaniya kimi güclü yığma qrupumuzda 3-cü oldu. Təqvim bizim üçün münasib olmadığından, çox çətin idi. Belə ki, ilk oyunda İspaniya kimi rəqiblə oynamalı olduq və məğlubiyyət komandaya mənfi təsir etdi. Məncə, digər rəqiblərimiz Polşa və Bolqarıstanla daha əvvəl oynasaydıq, nəticə fərqli ola bilərdi. İlk oyunda məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq işimiz daha da çətinləşdi. Artıq Polşaya mütləq qalib gəlməyimiz lazım idi. Onlar ehtiyatlı oynadılar, açıq futbola üstünlük vermədilər. Polşaya da məğlubiyyət qrupdakı taleyimizə aydınlıq gətirdi.

- Bəs təqvimi nəzərə almasaq, öz səhvlərimiz nə oldu?
- Mənim də məşqçi kimi səhvlərim oldu. Ola bilər ki, bəzi futbolçularla bağlı düzgün qərar vermədim. Bunu özlüyümdə təhlil etmişəm. Onu deyə bilərəm ki, komandanı seçmə mərhələ oyunlarına hazır vəziyyətdə gətirmişdik. Yığmamız bunadək iştirak etdiyi beynəlxalq turnirdə özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, futbolçularda ilk oyunda olan həyəcan özünü mənfi tərəfdən göstərdi.

- Yenidən U-15-nin baş məşqçisi olacaqsınız. Bu dəfə işinizi hansı istiqamətdə qurmaq fikrindəsiniz?
- Bu dəfə işim daha məsuliyyətli olacaq. Çünki bildiyiniz kimi, 2016-cı ildə 17 yaşlıların Avropa çempionatının final mərhələsinin oyunları Azərbaycanda keçiriləcək. Mənim üzərimə həmin vaxt ölkəmizi təmsil edəcək yığmanın təməli qoyub, hazırlamaq olacaq.

- Bunun məsuliyyəti böyük olduğundan, üzərinizə daha ağır yük düşür...
- Mən məşqçi işimdə yeni deyiləm. Düzdür, çətin olacaq. Ancaq üzərimə düşən layiqincə yerinə yetirmək üçün var-gücümlə çalışacağam.

- U-15-də köməkçilərinizi artıq müəyyənləşdirmisiniz?
- Bəli. 17 yaşlılarda birgə işlədiyim məşqçilərlə çalışacağam. Bunlar Vüqar Məmmədov və qapıçılarla işləyən Elşad Tahirovdur.

- Sizin postunuza almaniyalı Nikolay Adam təyin olunub...
- Həmin yığmaya bu təyinatı gözlənilən saymaq olar. Çünki Adam həmin 1997-ci il təvəllüdlülərlə artıq 2 ildir işləyir və onlar U-17-nin əsasını təşkil edəcəklər. Bu mənada həmkarımın birgə çalışdığı futbolçularla işini davam etdirməyi daha yaxşı olardı.

- U-15-nin seçmə mərhələdə iştirak etməməyi işinizə mənfi təsir etməyəcək?
- Bildiyiniz kimi, U-15 və U-16-lar seçmə mərhələlərdə oynamırlar. Buna görə həmin yığmalar yalnız yoldaşlıq görüşləri, turnirlərdə iştirak etməklə, beynəlxalq təcrübə qazana bilərlər. Mən 1 aya hazırlıq planımı AFFA-ya təqdim edəcəyəm. Bu, növbəti hesabat ili üçün nəzərdə tutulacaq. Buna baxıb, təsdiqləndikdən sonra işimizi buna uyğun quracağıq. Ola bilər ki, sonradan hansısa oyunlar keçirmək, turnirlərdə iştirakla bağlı təklif aldıq. Buna işin gedişində baxıb, qərarımızı verəcəyik.

Mehman SÜLEYMANOV