“Artıq əvvəlki Arif Əsədov deyiləm”
06.11.2012 - 14:54
“Artıq əvvəlki Arif Əsədov deyiləm”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-19) baş məşqçisi təyin edilən Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Təyinatınız münasibətilə sizi təbrik edirik. Təklif gözlənilməz olmadı?
- Təbrikə görə çox sağ olun. Əslində, U-19-un baş məşqçisi vəzifəsi mənim üçün yad deyil. 2 il bu komandanı çalışdırmışam. Hər zaman demişəm ki, millidə çalışmaq hər bir məşqçi üçün şərəfdir. İstəyirik ki, yeni nəsil yetişdirək. 17-19 elə yaş dövrüdür ki, həmin adam karyerasını ya davam etdirir, ya da bitirir. Məqsədimiz həmin gənc futbolçulara düzgün istiqamət verməkdir.

- U-17-nin, eləcə də U-19-un Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirdiyi oyunların nəticəsi haqda məlumatınız var. Ümumiyyətlə, hər iki komandanın oyununu görmüsünüzmü?
- Əlbəttə, nəticələrdən xəbərim var. Açığı U-19-un oyunlarını tam izləməmişəm, müəyyən epizodlara baxmışam. Ancaq U-17-nin keçirdiyi oyunlardan bəzilərini görmüşəm. O da Bakıda təşkil edilən turnirlər zamanı. Həmin vaxt hansısa analizlər aparmamışam. İndi vaxtımız olacaq. Namizədləri müzakirə edib, seleksiya işləri aparacağıq. U-19 üçün düzgün seçimlər etməliyik. İki-üç oyundan sonra seçmə mərhələdə kimlərə güvənəcəyimizi müəyyənləşdirəcəyik. Əsas odur ki, kötüyü yaradaq.

- U-19-un uğursuzluğunu nə ilə izah edə bilərsiz?
- Bunun səbəbini əvvəlki məşqçi deyə bilər. Səbəbini həm də futbolçulara baxdıqdan sonra biləcəyik. Biz taktikamıza uyğun seçim edəcəyik. Hər bir futbolçu üçün yığmada oynamağın şərəf olduğunu anlamalıdır. Bayraq üçün mübarizə aparmalıyıq. Klub və milli ayrı-ayrı şeylərdir.

- Necə düşünürsüz, bu gün seçim etmək üçün kifayət qədər futbolçu varmı?
- Fikrimcə, klublarımızın nəzdində son 5 ildə hər yaş qrupu üzrə bölmələr yaradılıb və futbolçular yetişdirilir. Seçim imkanı var, amma düzgün və obyektiv olmaq lazımdır. Güclüyə yer verilməlidir. Devizimiz budur: Kim güclüdür, o da oynayacaq. Futbolçular bunu hiss etməli və görməlidirlər. Çünki bizim oyunlarımız beynəlxalq səviyyədə keçirilir və Azərbaycanı təmsil edirik.

- Ölkənin ən köklü klubu olan “Neftçi”nin baş məşqçisi postundan sonra U-19-a təyin olunmağınızı geriyə addım hesab etmək olarmı?
- Özümə inanıram və qarşıma yüksək vəzifə qoymuşam. “Neftçi”dən U-19-a keçməyin heç də geriyə addım deyil. Elə klubda çalışan vaxt da əvvəlcə əvəzedici komandada işlədim. Bundan sonra əsas komandaya keçdim. Yəni addım-addım yüksəlmək lazımdır. 2006/07-ci ildə U-19-un baş məşqçisi olan vaxt komandaya cəlb etdiyimiz futbolçuların əksəriyyəti bu gün əsas yığmada və iddialı klublarımızda çıxış edir.

- Köməkçiləriniz və iş planınız hazırdır?
- Bu haqda açıqlama veriləcək. AFFA-nın baş katibi Elxan Məmmədovla, eləcə də Texniki direktor Bernhard Lippertlə görüşdükdən sonra hər şey dəqiqləşəcək.

- Bəs əvvəllər buraxdığınız hansı səhvləri təkrarlamaq istəməzdiniz?
- Artıq məşqçi kimi əvvəlki Arif Əsədov deyiləm. Təcrübəm artıb. “Neftçi” kimi böyük məktəb keçmişəm. Hamısını analiz etmişəm. Çalışacam, U-19-da uğurları yenidən təkrarlayaq. Komanda ilk dəfə bizim vaxtımızda mərhələ adladı.

- Yeri gəlmişkən, iki gündən sonra sabiq komandanız “Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Rubin”lə qarşılaşacaq. Bu oyunla bağlı nə düşünrsüz?
- Əvvəlcə uğurlar arzulayıram. Komanda daxili çempionatda son oyunlarda uğursuz çıxış etsə də, beynəlxalq oyunlara motivasiya fərqli olur. “Neftçi” gücünü qoyub, ən azı 1 xal qazanmalıdır. Düzdür, “Rubin”də güclüdür, amma doğma meydan amilini unutmaq olmaz.

- Komandanın Premyer Liqadakı uğursuzluğu nə ilə bağlıdır?
- Baş məşqçinin də dediyi kimi, komandada “material” qıtlığı var. Həm avrokuboklarda, həm də daxili çempionatda parallel mübarizə aparmaq üçün iki eyni səviyyəli heyət olmalıdır. “Neftçi”də bu yoxdur. Hər oyundan sonra futbolçular bərpa olunmaqda çətinlik çəkirlər. Yəni əsas problem heyət qıtlığı ilə bağlıdır. Bu bir daha göstərdi ki, üç gündən bir oyun keçirməyə hazır deyilik.