Yunis Hüseynovdan səmimi etiraflar
07.11.2012 - 00:02
Yunis Hüseynovdan səmimi etiraflar
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- İstefanız ötən həftə reallaşsa da, bu müddətdə müsahibə vermədiniz. Bunu nə əlaqələndirmək olar?
- Danışılası nəsə yoxdur. Sadəcə, bir neçə gün istirahət etdim. Fikirləşdim ki, yorğunluğum çıxsın, sonra danışaram.

- Hər halda, baş məşqçi postundan ayrılmağınıza aydınlıq gətirmək lazımdır...
- Bildiyiniz kimi, mən “Simurq”la oyundan sonra istefa vermişdim. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimova hörmətim var. Mənə dedi ki, komandada qal, işini davam etdir. Elə Mais müəllimin xətrinə qaldım. Ancaq bu dəfə belə qərara gəldik ki, işbirliyinə xitam verək.

- İstefa verməklə istefaya göndərilmək tam fərqli anlayışlardır. İlk addım hansı tərəfdən gəldi?
- Şəxsən mən deyirdim ki, komandadan getsəm daha məqsədəuyğundur. Bu fikir narazılıqla qarşılanmadı.

- Bəs bu dəfə Mais Mənsimov sizə qalmağı təkid etmədi?
- Bu dəfə Mais müəllim olmadığından fikirlərimi klubun vitse-prezidenti Tuyqun Nadirova dedim.

- Mənsimovu gözləmək də olardı. Bəlkə sizi fikrinizdən yenə daşındıracaqdı?
- Mənə elə gəlir ki, belə olmağı daha uyğun idi.

- İlk istefa verdiyiniz zaman getməməyinizə görə peşman deyilsiniz ki? Qaldığınız müddətdə nə qazandınız?
- Peşman deyiləm. Həmin müddətdə də nə qazandıq, nə də itirdik. Uduzmağı sevmirəm. Yadınızdadırsa, komanda uduzanda, istefa verdim. Komandamız həmin matçda zəif oynamışdı və dedim ki, getməliyəm. Söhbət bundan getmir. Ancaq futbolda mümkün deyil ki, bütün oyunlarda udasan. Bildiyiniz kimi, “Xəzər Lənkəran” həmişə çempionluğa oynayan komandadır. Uduzmaq özümə də xoş gəlmədi. O vaxt getmədim, ancaq nə vaxtsa istefa reallaşmalı idi.

- Yəni həmin vaxt “Xəzər Lənkəran”da çox qalmayacağınızı bilirdiniz...
- Bəli. Ən yaxşı halda, ilin sonuna kimi ayrılacağımı hiss edirdim.

- Həmin vaxt rəhbərliyin baş məşqçi axtarışına çıxdığını da hiss edirdiniz?
- Yox. Yalan danışa bilmərəm. Bildiyim o idi ki, əvvəl-axır komandadan getməliyəm. İstefa elə vaxt reallaşdı ki, çempionatda 15 günlük fasilə yaranırdı.

- 15 günlük fasiləyədək “Rəvan”la ev oyununuz var idı. Bu qarşılaşmanı da yola verib gedə bilərdiniz. Niyə bunu etmədiniz?
- Bunun heç bir fərqi yox idi. Fikrimcə, “Rəvan”la oyunda mən də olsaydım, qalib gələcəkdik.

- Həmin oyunda “Xəzər Lənkəran” inamlı təsir bağışladı, 4:0 hesablı qələbə qazandı...
- Mən də olsaydım, komanda çox yaxşı oynayacaqdı.

- Sizdə bu əminlik hardandır?
- “Xəzər Lənkəran”ın ev oyunları baxsanız görərsiniz. Məgər mənim vaxtımda “Xəzər Lənkəran” evdə zəif oynamışdı? Ümumilikdə, komanda Lənkəranda doğma azarkeşlərinin qarşısında çox yaxşı oynayır.

- Azərbaycanda keçirilən dünya çempionatı ilə əlaqədar təqvimdə edilən dəyişiklik nəticəsində “Xəzər Lənkəran” ilk dövrədə evdə çox az oynadı. Hesab etmirsiniz ki, bunun da komandanın çıxışına təsiri oldu?
- Əlbəttə, çox təsir elədi. Çünki “Xəzər Lənkəran” mənim vaxtımda 7 oyunu səfərdə keçirdi. Belə deyərdim ki, mən komandanı 3-cü yerdə təhvil verdim. Çünki “Rəvan”a mən də olsaydım, qalib gələcəkdik, 1 oyun da ehtiyatda var. Bu, reallıqdır. Belə bir şey olmayıb ki, deyim “Xəzər Lənkəran” pis yerdədir, nəsə çatışmır. Onda mən özümü günahkar sayardım ki, komandanı çox pis vəziyyətə qoyub, istefa verdim. Fərqi varmı ki, “Rəvan”la oyunda nəticəni mən, yaxud köməkçilərim verdi? Bilən bilir ki, 2 günə heç nə dəyişə bilməz. Orda 30 futbolçu, geniş dəyişiklik olsaydı, deyərdim ki, bəli, burda mənim əməyim yoxdur. Cəmi 11 futbolçu var, onlar da çıxıb oynayacaqdı. Ehtiyatda olanlar əsasən gənclərdir. Həmin heyət, həmin taktika, hər şey həminki idi.

- Həmin futbolçular idisə, onlar gedişinizdən sonra belə yaxşı oynayıblarsa, bəlkə sizi istəmirlərmiş? Belə şübhəniz varmı?
- Yox. Çünki komandanın Lənkəranda oyunlarını görmüşəm axı... “Kəpəz”, “Qəbələ”, “Qarabağ”la ev oyunlarında komandanın başında idim. Uduzduğumuz oyunların hamısı səfərdə olub.

- Elə isə “Xəzər Lənkəran” səfərdə evdəki kimi niyə inamlı təsir bağışlamır?
- Hazırda çempionat elə bir vəziyyətdədir ki, hər komanda 1-2 oyunda dalbadal qalib gəlsə, “altılığ”a düşəcək. İkincisi də dünya çempionatı ilə əlaqədar təqvimdə dəyişiklər oldu.

- Deməli, hər şey sizin “başınızda çatladı”?
- Yox. Azərbaycanda dünya çempionatı olmalıdır və bu, bizim üçün fəxrdir. Ancaq oyunların yerlərinin dəyişdirilməyi bizə pis çox pis təsir elədi. Çünki bütün oyunlarımızı səfərdə keçirirdik. Bunlarda uduzduq, xal itirdik və bu, həlledici oldu. Misal üçün, “Turan”a uduzduğumuz oyunda hakimin də səhvi oldu, 2 futbolçumuza qırmızı vərəqə verdi. Ancaq gəlin bunları onların üstünə atmayaq. Sadəcə, Lənkərandakı oyunda komandada əhval-ruhiyyə tamam başqa cür olur. Bu da stadionda atmosferlə, güclü azarkeş dəstəyi ilə bağlıdır. Bu, futbolçuya həmişə müsbət təsir etdiyində, belə ab-havada oynamaq, özünü azarkeşlərinin yanında yaxşı tərəfdən göstərmək istəyir. Buna görə deyirəm ki, həmin oyunları Lənkəranda keçirsəydik, komanda bəlkə 1-ci yerdə idi.

- Sizi baş məşqçilik dövrünüzdə həmişə Zakir Mahmudovla birgə görməyə adət etmişik. Ən yaxın köməkçinizin çıxarılmağı o demək deyildi ki, siz də yaxında getməli olacaqsınız?
- Həmin vaxt çıxarılan köməkçilərimə demişdim ki, 3-4 turdan sonra mən də gedəcəyəm. Bunu hiss eləmişdim və məşqçilərlə danışmışdım. Həmin vaxt da mən də gedirdim. Sadəcə, əvvəl dediyim kimi, Mais müəllimin xətrinə qaldım.

- İstefa verəndən sonra Mənsimovdan halallıq aldınız?
- Bəli. Danışdıq, normal ayrıldıq. Müqaviləmizə qarşılıqlı razılıqla xitam verdik. Kompensasiya, yaxud belə bir şeylər gündəmdə də olmayıb.

- Sizin vaxtınızda transfer olunan yunan hücumçu Dmitrias Sialmasın xidmətindən istifadə etmədiniz. Ancaq o, Lənkəranda hər 2 oyunda dubl edərək, qələbədə əsas pay sahibi olub. Bunu nə ilə izah etmək olar?
- O, qollardan ilk ikisini mənim vaxtımda “Qarabağ”la oyunda vurub. Açığını deyim ki, bu legioner gələndə formada deyildi. Bir də ki həmin mövqedə - yarımmüdafiənin sol cinahında Adrian Pit oynayırdı. Bizim futbolçular olmadığından, ona şans verildi. Sialmas da özünü yaxşı göstərdi, sonradan Sumqayıtda vura bilmədi, bu dəfə yenə 2 qol vurdu. Arzu edirəm ki, bunun ardı gəlsin.

- Onu digər yeni transfer Beto, yaxud Branimir Subaşiçin əvəzinə mərkəz hücumçusu kimi oynada bilməzdiniz?
- Bilirsiniz, onu oynatmaq istəyirdim. Bütün məşqçilər yaxşı futbolçuların meydana çıxmağını arzulayır. Ancaq Sialması oyuna buraxsam da, xoş təsir bağışlamadı. Futbolçuya şans veriləndə, gərək ondan istifadə eləsin. Beto həm məşqlərdə, həm də yoldaşlıq görüşlərində özünü daha yaxşı göstərmişdi. Buna görə, təcrübəli, formada olduğunu nəzərə alaraq, ona üstünlük verdim. O da özünü göstərə bilmədi, bu üzdən Sialmasa şans verdik. Burda başqa elə bir şey olmayıb.

- Avrokuboklarda mərhələ adlayandan sonra uzun müddət Lənkəranda çalışacağınız gözlənilirdi. Ancaq karyeranız 7 ay çəkdi...
- Fikrimcə, işimə uğurla başladım, uğurlu nəticə ilə də qurtardım. Kim hansı fikirdədir, deyə bilmərəm. Ancaq mənim vaxtımda “Xəzər Lənkəran” çempionatda 2-ci yeri tutdu, avrokuboklarda ilk dəfə mərhələ adladı. Komanda potensial olaraq 3-cü yerdədir. Ancaq bir məsəl var: nə yatdıq ki, nə yuxu görək.

- Elə gözləniləndən az işlədiyinizi nəzərdə tuturuq...
- Məşqçinin çemodanı həmişə yanında olmalıdır. Məndə də belə oldu, çempodanım yanımda oldu, getdim. “Xəzər Lənkəran”a uğurlar arzulayıram, heç bir problemin yoxdur.

- Bu komanda karyeranızda hansısa xüsusi yer tutacaq?
- “Xəzər Lənkəran”ın yetirmələri olan bir sıra gənc futbolçulara şans verdim. Bunlardan qapıçı Orxan Sadıqlı mənim vaxtımda əsas heyətdə yer aldı. Bundan əlavə, Kazlm Kazımlı, Kamran Abdullazadə, Ağabala Ramazanova şans vermişdim.

- “Xəzər Lənkəran”ı sizin üçün doğma, yaradıb, böyük uğurlar qazandırdığınız “Karvan”la necə müqayisə edərdiniz?
- Heç vaxt belə şeylərə önəm verməmişəm. “Karvan”da çox işləmişəm, uğurlarım da çox olub. “Xəzər Lənkəran”da isə cəmi 7 ay işlədim. Bu da bir uğur sayılacaq.

- Son vaxtlar niyə “Xəzər Lənkəran”ın baş məşqçiləri uzun müddətli işləmirlər?
- Bu barədə heç nə deyə bilmərəm. Fikrimcə, “Xəzər Lənkəran”da işlədiyim 7 ayım pis olmadı. Başqa şey fikirləşənlər də var. Deyirlər ki, Yunis müəllim orda uğur qazanmadı. Qulağıma belə şeylər çatıb.

- Onlara necə cavab verərdiniz?
- Yəqin ki, onlar təqvimə, çempionatın gedişinə, evdə oyunlarımıza baxmırlar. Hamısı bundan əmələ gəlir də. Onu nəzərə almaq lazımdır ki, 1 oyunu ehtiyatda olan “Xəzər Lənkəran” onda da qalib gələrsə, liderlə arasında cəmi 1 xal fərqi qalacaq. Nə olub ki? Ancaq bunların getməyimə heç bir aiddiyyatı yoxdur. Getmişəm, halallıq almışam, qurtardı. Sadəcə, faktlar burdadır.

- Sizi uğurlu məşqçilərimizdən saymaq olar. Klublarımız uzun müddət UEFA kubokunda mərhələ adlaya bilmədi. Amma 2006-cı ildə “Karvan”la siz buna son qoydunuz. “Xəzər Lənkəran” 8 illik tarixində avrokuboklarda qələbə qazana, mərhələ adlaya bilmirdi, buna da siz son qoydunuz. Sizcə, belə məşqçiyə daha çox şans verilsə, daha yaxşı olmazmı?
- Kim şans verər, Allah canını sağ eləsin, işləyərik. Kim şans verməyəcək, mən onlara heç nə deyə bilmərəm. Sadəcə, uğurlarımı bəxtlə bağlı olduğunu saymıram. Məşqçi gərək işləsin. Biri var məşqçi heç nə bilmir, savadı o dərəcədə yüksək deyil ki, desinlər ki, bunun uğuru var, gətirib, baş məşqçi qoyaq. Daim oxuyub, inkişaf etmək lazımdır. Bildiyiniz kimi, futbolda hər gün yeniliklər var. Bunu hər gün izləyib, öyrənmək lazımdır.

- Bu planda özünüzdən nə dərəcədə razısınız?
- Əlbəttə, müasir tələblərlə ayaqlaşırıq. Nəyə görə ayaqlaşmayasan ki? Oxuyursan, savadını artırırsan, hər şeyi biləndən sonra nəyə ayaqlaşmamalısan ki? Öyrənmək eyib deyil. Həmişə kimdənsə yaxşı şeylər öyrənməyə çalışmışam. İndi də öyrənirəm. Demirəm ki, özümdən tam razıyam. Belə söhbət ola bilməz. O qədər bilmədiyimiz şeylər var ki...

- Lənkəranda işləmək çətindir?
- Açığı, çox çətindir. Bir az azarkeşlər çılğın, hövsələsizdirlər. Onları başa düşürəm. Çünki azarkeş həmişə komandasının qələbə qazanmağını istəyər. Bu olmayanda, görürsən ki, azarkeş özündən çıxır, əsəbiləşir. Belə şeylərə adi yanaşmaq lazımdır. Azarkeşləri yüksək səviyyədədir. Amma uduzmağı qəbul etmirlər.

- Sizin vaxtınızda məşqçi Emin Quliyevlə braziliyalı futbolçu Eder Bonfimin dalaşdığı, Kamran Ağayevin nizam-intizamla bağlı probleminin olduğu deyilirdi...
- Eminin Bonfimlə dalaşmağı yalan söhbətdir. Tanıdığınız futbolçulardan soruşa bilərsiniz ki, Yunis Hüseynovun 8-9 illik məşqçilik karyerasında hansısa futbolçular bir-biri ilə dalaşıblarmı. Bu, mümkün deyil. Belə olarsa, həmin dəqiqə futbolçunu fikirləşmədən komandadan uzaqlaşdıraram.

- Quliyevin konkret funksiyası nə idi?
- Köməkçi məşqçi.

- Onun nizam-intizam üzrə məşqçi olduğu deyilirdi...
- Belə deyilmişdi, ancaq bu, düz deyildi. Emin məşqçi işləyirdi.

- Bəs Kamranın gedişi ilə bağlı məsələni aydınlaşdıra bilərsiniz?
- Bu barədə danışmaq fikrim yoxdur.

- “Xəzər Lənkəran”ı bundan sonra yerli, yoxsa əcnəbi məşqçi çalışdırsa yaxşı olar?
- Səmimi deyirəm ki, əcnəbi.

Mehman SÜLEYMANOV