“Bakı” - heç-heçə xəstəsi
07.11.2012 - 00:36
“Bakı” - heç-heçə xəstəsi
Son illər baş məşqçiləri əlcək kimi dəyişən, lakin heç cür öz oyununu tapa bilməyən bir klub var - "Bakı". "Zolaqlılar" hər mövsümə "həm kubok, həm çempionluq" deyə başlasalar da, artıq 3 ildi "qızıl"a həsrət qalıblar. Əvəzində paytaxt klubu son 3 mövsümdə 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Paytaxt klubunun "Bakı" adlanandan bəri daim mükafatlar uğrunda mübarizə apardığını statistik göstəricilərdən də görmək mümkündü. Lakin nəzərə almaq lazımdı ki, paytaxtın eyniadlı təmsilçisinin güclü maddi dayağı, hər cür şəraiti var və bu üzdən iddialılar sırasında yer alması onun boynunun borcudu. Yəni, burada hər hansı qəhrəmanlıqdan söhbət gedə bilməz.

"Bakı"nın əsas dərdi titul qazanmaq yox, heç cür öz oyununu tapa bilməsidi. Son illər komandaya Vinfred Şafer, Bülənt Korkmaz, Aleksandr Starkov kimi tanınmış simalar rəhbərlik etsələr də, onlar işlərinin öhdəsindən gələ bilmədikləri üçün qovuldular. Və kimsə deməsin ki, klub rəhbərliyi onlara zaman tanımdadı. Götürək, elə Starkovu. Latviya yığmasının çalışdırıcısı 2011/12 mövsümün qış fasiləsində Vinfred Şaferi əvəzləyən zaman ona dedilər ki, bu ili unut, növbəti mövsüm üçün dəyişkən kollektiv qur. Starkovun sonunun necə olduğunu isə hamınız yaxşı bilirsiz...

Maraqlıdı ki, son 3 mövsümdə 2 dəfə ölkə kubokunu qazanmaqla kifayətlənən "Bakı" bunu planlı şəkildə etməyib. Yəni həmin mövsümlərdə "zolaqlılar"ın titul qazanacağına çox az adam inanırdı. Lakin elə alındı ki, əvvəlcə Bülənt Korkmazı əvəzləyən Cüneyt Biçər, ardınca isə Starkovun işini davam etirən köməkçisi Novruz Əzimov "Bakı"nı uğura daşıdı. Amma klub rəhbərliyi həm Biçərə, həm də Əzimova lazımi səviyyədə dəyər vermədi. Kim bilir, bəlkə də "Bakı"nı onların "ahı tutub".

Düzdü, türkiyəlidən fərqli, həmyerlimizə yeni müqavilə təklif olundu, komandanı Avroliqaya məhz o çıxartdı. Amma Novruz bəy yeni sözləşməyə qol çəksə də, gec-tez baş məşqçi postundan uzaqlaşdırılacağını çox gözəl bilirdi.

Əslində, Starkovun gedişindən sonra onu məhz Bojidar Bandoviç əvəzləməli idi. Sadəcə, "Bakı"nın Əzimovun rəhbərliyi altında uğurlu çıxışı və mövsümü kubokla başa vurması bu təyinatı bir qədər yubatdı. Ona görə də klubun idarəçiləri çernoqoriyalını idman direktoru təyin edib, gözləmə mövqeyi seçdilər.

"Bakı" rəhbərliyi yaxın keçmişdə Bülənt Korkmazın qoyub getdiyi dağınıq komandanı toparlayıb uğura daşıyan Biçəri Şaferlə əvəzləməklə yanlış iş tutmuşdu. Və tale elə gətirdi ki, Novruz bəy də analoji aqibətlə üzləşdi. O, Starkovdan miras qalan ruhsuz kollektivi yenidən ayağa qaldırdı və "zolaqlılar" mövsümü titulla başa vuraraq, avrokuboka vəsiqə qazandılar. Belədə "Bakı" bossları Biçərdən fərqli olaraq, klubun yaradıcılarından olan Əzimova şans verməyi özlərinə mənəvi borc bildilər. Lakin onun bu postda uzun müddət duruş gətirməyəcəyi bəlli idi. Çünki məsələn, "Bakı"nın avrokubok ərəfəsində transfer çalışmalarına diqqət yetirdikdə Bandoviçin öz komandasını qurduğunu görürük. Əzimov yalnız Avroliqada uğurlu çıxışla baş məşqçi postunda ömrünü bir qədər uzada bilərdi ki, bunu da bacarmadı. Və vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə isə Bandoviçin gözlənilən təyinatı rəsmiləşdi.

Maraqlıdı ki, Bandoviç hələ "Bakı" 2010-cu ilin yayında Avroliqaya vəsiqə qazananda komandanın baş məşqçisi təyin oluna bilərdi. Lakin onun namizədliyi irəli sürülsə də, sonda almaniyalı Şaferin xeyrinə seçim edildi. Əslən çernoqoriyalı olan Bandoviçin məşqçi kimi 2009-cu ilin sentyabrında debüt etdiyini nəzər alsaq, onun təcrübəsiz olduğunu söyləyə öilərik. Düzdü, o, bir müddət Yunanıstan "Olimpiakos"un çalışdırıb, lakin bu, hələ heç nə demək deyil.

Fakt budu ki, "Bakı" rəhbərliyi komandanı ağ günə çıxarmaq vəzifəsini bu sahədə hələ öz sözünü deməyən birinin öhdəsində buraxıb. Nəticə göz qabağındadı.

Bəli, istənilən məşqçinin komanda qurmaq, öz fəlsəfəsini ortaya qoymaq üçün zamana ehtiyacı var. Lakin bu, o halda ola bilər ki, həmin məşqçinin işində hər hansısa bir ümid işığı görünsün. Lakin çox təəssüf ki, Bandoviçin komandasının gələcək vəd etdiyini söyləyə bilmərik. Burada söhbət "Bakı"nın 12 turdan sonra 11-ci pillədə qərarlaşmasından, hesabında cəmi 1 (!) qələbə olmasından getmir.

Düzdü, ehtiyatda 2 oyunu olan "zolaqlılar" hələlik 2 görüşdə məğlub olub. Lakin əsas problem "Bakı"da komanda ruhunun olmamasından, gələcək vəd edən futbol sərgiləyə bilməməsindən gedir. Heyətində bu qədər legioner olan, hər cür şəraitlə təmin olunan komanda çıxdığı 10 oyunda cəmi 8 qol vurub ki, bunu adı rüsvayçılıqdı. Maris Vepakovski, Uinston Parks, Evangelos Mantzios kimi hücumçulara bir ətək pul verməyə nə gərək var?

Əslində, bütün məsuliyyəti hücumçuların üzərinə atmaq da düz deyil. Gərək komanda normal futbol oynaya ki, ön xətt oyunçuları da fərqlənə. Bandoviçli "Bakı" bütün oyunlara bir məqsədlə çıxır: məğlub olmamaq. Təsadüfi deyil ki, bakılılar keçirdikləri 10 görüşdən 7-də heç-heçə ediblər. Yəni komanda ancaq müdafiə barədə düşünür, vəssalam. Belə də iddialı klub olar (Sport Ekspress)?

Ötən mövsümün statistikasına nəzər saldıqda həmin vaxt tənqid etdiyimiz, daha sonra "Bakı" rəhbərliyinin qapını göstərdiyi Starkovun komandasının daha yaxşı çıxış etdiyini görürük. Latviyalının dönəmində "zolaqlılar" 12 turdan sonra 5-ci sırada idilər və hesablarından 19 xal vardı. 5 görüşdə qələbə qazanan paytaxt klubu 4 dəfə heç-heçə oynamış, 3 matçda isə məğlub olmuşdu. Amma həmin "Bakı"nın da ifasında məzmunlu oyun görə bilmirdik. Məhz bu səbəbdən də Starkovun "ömrü uzun olmadı".

Bandoviçin "Bakı"sı isə ötənilkindən də pisdi. Bu isə o deməkdi ki, çernoqoriyalıya güvənməkdə davam etmək sadəcə, vaxt itkisidi. Yəni, bu işin sonu hamıya bəllidi: "Bakı"da baş məşqçi dəyişikliyi qaçılmazdı. Düzdü, klub rəhbərliyi Bandoviçə son şans verib. Lakin bu, boşuna zaman xərcləməkdi.