“Portu” alınmasa, “Ayaks” variantına baxacağıq”
18.11.2012 - 16:25
“Portu” alınmasa, “Ayaks” variantına baxacağıq”
Portuqaliyanın “Portu” klubu baxışdan keçirdiyi Azərbaycan yığmasının futbolçusu Orxan Əliyevlə bağlı sabah qərar verəcək. Bu haqda apasport.az saytına 17 yaşlı hücumçunun meneceri Vaqif Heydərli məlumat verib.

O bildirib ki, Portuqaliya çempionundan futbolçu haqda çıxarılacaq qərarı gözləyirlər: “Orxanın öncədən orada 1 həftə qalmağı nəzərdə tutulmuşdu. Ancaq sonradan yoxlanış, testlərlə əlaqədar vaxt 2 həftəyə qədər uzadıldı. Həmin müddət bu gün bitir. Məşqçilər korpusu sabah raport təqdim edəcək ki, bundan sonra Əliyevin taleyinə aydınlıq gələcək. Bildiyiniz kimi, Portuqaliyada çempionat gedir və Orxan əvəzedici komandanın düşərgəsində məşq edir, testlərdən keçir”.

FİFA agenti onu da bildirib ki, “Portu” kimi Çempionlar Liqasının qalibi olmuş digər komanda – “Ayaks” da Orxanla yaxından maraqlanır: “Hollandiya klubunun rəsmiləri bizimlə əlaqə saxlayıblar. Ancaq biz hələ “Portu”ya üstünlük veririk. Oradan cavab aldıqdan sonra növbəti planları müəyyənləşdirəcəyik. “Portu” alınmasa, “Ayaks” variantına baxmağımız mümkündür. Ümumiyyətlə, başqa variantlar da var. Məsələn, Türkiyənin bir Superliqa təmsilçisi Orxanı israrla istəyir. Ancaq biz hazırda diqqətimizi Avropaya yönəltmişik”.

Mehman SÜLEYMANOV