Vaqif Sadıqovun son şansı
19.11.2012 - 10:50
Vaqif Sadıqovun son şansı
Mövsümün əvvəlində ölkə çempionatının turnir cədvəlinə başçılıq edən bir AZAL var idi. Bu komanda "Simurq"la birgə hamını kölgəsində qoymuşdu. Birinin ləqəbi sponsoru olan şirkətin adına uyğun olaraq "təyyarəçilər"disə, digər əfsanəvi quşun adaşıdı.

Onların ikisi də qanadlarını açanda digər komandalar gün işığına həsrət qalır, qaranlığa qərq olurdu.

Turlar irəlilədikcə hər şey öz yoluna düşdü. "Simurq"un lələklərini yolmağa başlayıblar, "təyyarəçilər"in də qanadları yavaş-yavaş sallanır. Düzdü, zaqatalalılar hələ də "altılıq"dadı, əvəzində AZAL artıq ekvator xəttinin altındadı.

AZAL-a nə olub? Bu komanda niyə belə vəziyyətə düşdü? Hanı Vaqif Sadıqovun məşqçi dühasının nəticəsi? İndi bəlli olur ki, mövsümün əvvəlində ən çox güclənən Premyer Liqa təmsilçisi olan AZAL məhz favoritlərin qeyri-sabit oyunu nəticəsində yuxarıdan gedirmiş. Elə ki, "Xəzər Lənkəran" ayıldı, "İnter" sabit futbol oynamağa başladı, "Qarabağ" silkələndi, "Neftçi"nin baş açıldı, AZAL da yanacağı qurtaran təyyarə kimi Premyer Liqa səmasında süzməyi bitirib qəza enişi etməyə boş sahə axtarır.

AZAL-ın probleminin nə olduğu gün kimi aydındı. Yayda heyətini ciddi şəkildə yeniləyən komanda sadəcə, futbolçularını əksəriyyət tanımadığı üçün "Qarabağ"ı 6:2 hesabıyla yendi, ciddi rəqib sayılmadığına görə rəqibləri ona barmaqarası baxmağın əziyyətini çəkdi. İndi isə hamı bu rəqibə qarşı necə oynamaq lazım olduğunu gözəl bilir, ona görə də xallarını dənləməyə başlayıblar. Komandanı ortabab legionerlər ordusuna çevirən Sadıqov isə məşqçi savaşlarında sinifdə qalır.

Vaqif bəy çox güclü mütəxəssis olsaydı, Qurban Qurbanovun "Qarabağ"ını cavab matçında da yenər, ilk dövrədəki 6:2-nin təsadüf olmadığını isbatlayardı. Və ya "Xəzər Lənkəran"a təslim olmazdı.

Hələ yığmada işlədiyi vaxtlardan Vaqif bəyin ultramüdafiə aşiqi olduğunu görmüşük. Bu məşqçi heç bir turnir iddiası qalmayan Avstriya yığmasıyla ev heç-heçəsinə sevinən, Lixtenşteynə tarixinin ilk qələbəsini qazandıran adamdı.

Çoxillik karyerasına rəğmən, bugünədək heç yerdə hansısa uğura, nəticəyə nail ola bilməyib. Milli komandaya ona görə 3 dəfə rəhbərlik edib ki, Fuad Musayevə üzüyola, dediklərini yerinə yetirən biri lazım idi. Klublarda isə vəziyyət daha acınacaqlı olub. Təkcə zamanında hamıdan yaxşı maliyyələşən "ANS-Pivani"ylə bağlı acı təcrübə göz önündədi. Sadıqovun İran karyerası uğursuzluqla yadda qalıbsa, "Anji"də yalnız Hacı Hacıyevlə şəxsi münasibətlər sayəsində qərar tutması qeyd edilməlidi.

Heç şübhəniz olmasın ki, AZAL-da da onu eyni aqibət gözləyir. Artıq bir neçə oyunda uğursuz nəticə əldə ediləndən sonra yaranan qorxu kölgənin qayğılanması ilə nəticələnib. Get-gedə "təyarəçilər"in düşərgəsində narazılıqlar baş qaldırmağa başlayıb. Kapitan Aqil Nəbiyev heyətə düşə bilməməsinin səbəbini nə özü bilir, nə də məşqçi izahat verir (Sport Ekspress).

Sadəcə, bəlli olan odu ki, bu müdafiəçi ehtiyatda oturdulur. Elşən Məmmədov isə Aqildən fərqli, əsəbini içində boğur. Ancaq bunu etməyənlər də var.

Ötən həftəiçi "İnter"lə sınaq matçında 2:5 hesabıyla yenilən AZAL-da günahkarlar tez tapıldı. Bəlli oldu ki, uğursuzluğa 5 futbolçu səbəbkar olub və onlar əvəzedici heyətə göndərildi. Vaqif bəy imtina etdiyi oyunçuların siyahısını açıqlamaqla məşqçi xarizmasını göstərmək istəsə də, məlumunuz olsun ki, həmin futbolçuların hamısı elə əvəzedicilərin üzvü idi. Sadəcə, əsas komandanın oyununa yaramadıqları üçün gəldikləri yerə qayıtdılar. Bununla belə, onların içində də narazılıq bildirən tapıldı.

Son 2 abzasın sonunda adını çəkmək üçün vurğuladığım məqam Yasin Abbasovla bağlıdı. "Turan"da parlayan, "Sumqayıt"da qısa zaman keçirən bu futbolçu Sadıqova açıq-aşkar üsyan edir. O, əsas heyətdən qovulmasının səbəbini anlamır və daim əvəzedicilərlə oynamasına görə hesabat istəyir. Adam haqlıdı, 20 dəqiqəlik şansa görə futbolçunun üstündən xətt çəkməzlər. Amma görünən odu ki, Vaqif bəy çəkib. Gətirdiyi çoxsaylı legionerlərdən heç birini əvəzedicilərə göndərmək cəsarəti tapmır, yerli gənclər isə üzüyoladı.

Ola bilər ki, qış fasiləsində Vaqif Sadıqov işsiz məşqçilər siyahısına əlavə olunsun. Çünki bu, onun bəlkə də məşqçi kimi özünü sübut etmək baxımından son şansıdı. İstədiyi komandanı qurmaq üçün hər cür şəraitlə təmin olunmuş çalışdırıcı startdakı partlayışın davamını gətirə bilmir.

Ya AZAL "altılığ"a düşməli, ya da Yunis Hüseynovun ardınca daha bir yerli məşqçi istefaya getməlidi. "Altılığ"ın tam tərkibinin müəyyənləşməsinə isə çox az qalıb...