Barıt qoxulu corablar
19.11.2012 - 11:17
Barıt qoxulu corablar
Zlatan İbrahimoviçin yoldaşlıq görüşündə İngiltərəyə vurduğu qayçı qolunun əks-sədası hələ də davam etməkdədir. Apasport.az saytının xəbərinə görə, "İbrakadabra"nın poker etdiyi görüşdə geydiyi formadan tutmuş coraba kimi hamısı qızıldan qiymətli olmağa başlayıb. İndi həmin tarixi gecədə Zlatanın ayağına geydiyi corablar Qoran Molin adlı bir isveçli futbolsevərdədi.

Molin bu anın bir parçasını daşımaqdan ötəri çox xoşbəxtdir. Qoran 4-cü qolun bu dünyaya aid olmadığını düşünür: "Bu qolu vuran ayağa geyilmiş coraba sahib olmaq həyatımdakı ən önəmli şeylərdən biridi. Əvvəllər karate ilə məşğul olmuşam. Lakin heç vaxt belə təpik ata bilməzdim. Zlatan ingilislərə qarşı olduqca mərhəmətsiz biridir. İbranın corabları barıt iyi verir. Buradan da corabları məhz onun istifadə etdiyini anlamaq olur. Üstündə qan və tər var. O, bizim üçün qəhrəman bir döyüşçüdü".

Yeri gəlmişkən, İbrahimoviçin ayağına geyərək tarixi qolu vurduğu butslar isə İsveçdə hərraca çıxarılıb. Ayaqqabıları Zlatanın komanda yoldaşı Yonas Olsson satışa qoyub. 10 min funt verən şəxs bu butslara sahib ola biləcək. Olsson əldə edəcəyi gəliri problemli doğulan körpələrin müalicəsinə sərf edəcəyini bildirib.

Qeyd edək ki, İbrahimoviçin həmin axşam əyninə geydiyi forma isə İngiltərə yığmasının üzvü Dani Uelbekdədi.