Antonio Semedo: Orxan Əliyev adlı futbolçu tanımıram
19.11.2012 - 14:06
Antonio Semedo: Orxan Əliyev adlı futbolçu tanımıram
“Mən də mətbuatdan oxumuşam ki, Orxan Əliyev “Portu”da məşq edir. Səmimi deyirəm, Azərbaycanda oynadığım dövrdən elə bir futbolçu xatırlamıram”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Antonio Semedo deyib.

2011/12 mövsümündə Premyer Liqada 21 oyuna 3 qol vuran portuqaliyalı yarımmüdafiəçi ölkəsinin adlı-sanlı klublarından olan “Portu”nun azərbaycanlı futbolçunu düşərgəsinə dəvət etməsinə münasibət bildirib.

O, Portuqaliya mətbuatına müsahibəsində “Sumqayıt”ın üzvü Orxan Əliyev haqda fikirlərini açıqlayıb: “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdiyimiz ilk dövrənin oyununda mən də meydana çıxmışdım. İkinci dövrədə 3:0 hesabı ilə səfərdə qalib gəldiyimiz matçda isə oynamamışam.

Lakin həmin qarşılaşmada qolların birini “Benfika”da oynamış Eder Bonfim vurmuşdu. Bir daha qeyd edim ki, Orxan Əliyevi gördüyümü xatırlamıram. Lakin o, 15 yaşında elə ağır meydanlarda debüt edibsə, deməli, onda nə isə var. “Portu” rəhbərliyi bunu məndən yaxşı bilər”.

Xatırladaq ki, “Xəzər Lənkəran”a Mirça Rednikin dəvətilə gələn Semedo zədə ucbatından cənub təmsilçisini bu ilin mayında tərk etmişdi.