Niyə baxacaqlar yox, nəyə baxacaqlar
19.11.2012 - 15:58
Niyə baxacaqlar yox, nəyə baxacaqlar
“Niyə baxacaqlar yox, nəyə baxacaqlar”. “Bəxtiyar” filmindəki bu epizod yadınızdadırmı?

Klubda heç bir özfəaliyyət dərnəyi fəaliyyət göstərmir, klubun direktoru Ağabala çətin vəziyyətdədir. Bir tərəfdən də komissiya gəlib, nəsə etmək lazımdır. Nəsə edirlər təbii ki. Ağabala və komandası vəziyyətdən çıxmağa çalışırlar. Amma özlərininki ilə yox, necə deyərlər “legioner” tutub gətirilər, neftçi Bəxtiyarı ki…komissiyanı yola sala bilsinlər.

Yox, təbii “Bəxtiyar” filmini təhlil etmirik. Sadəcə bu günkü mövzumuz mənim yadıma saldı o filmi. Daha dəqiqi Hüseynova bacılarının az qala aforizmə çevrilmiş o fikrini: “niyə baxacaqlar yox, nəyə baxacaqlar”.

Demək söhbət nədən gedir?

Dostlar maraqlı bir statistika təqdim etdilər. Sən demə, Topaz Premyer Liqasının XII turundan, daha dəqiqi birinci dövrədən sonra, II dövrənin də baş tutan ilk turunu da nəzərə alsaq, komandalarımız Allah eləməmiş 68 qarşılaşmaya çıxıblar.

Bu müddətdə isə Topaz Premyer Liqasının oyunlarını 158 min 190 tamaşaçı izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 2326 azarkeşin təşrif buyurduğunu göstərir.

Mövsümün arxada qalan hissəsinin rekordu isə 8 min tamaşaçıdır. Bu sayda azarkeşi 4 matçda qeydə alınıb. İlk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun “Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərini məhz bu sayda tamaşaçı seyr edib. Mövsümün antirekordu isə “Qarabağ”la “Bakı” arasında görüşdə qeydə alınıb – cəmi 150 tamaşaçı.

Fikir verin, ən çox tamaşaçı hansı şəhərlərdə qeydə alınıb: Gəncə və Sumqayıtda. Ölkənin bir nömrəli idman arenasında keçirilən oyuna isə 150 nəfər gəlib. Hər sektora 5-6 azarkeş düşür.

Öz meydanındakı matçlarda orta tamaşaçı sayında isə “Xəzər Lənkəran” zirvədədir. “Kəpəz” 2-ci, “Sumqayıt” isə 3-cüdür. Bakını çempionatda təmsil edən 5 klubdan – “Bakı”, “Neftçi”, “İnter”, “Rəvan”, AZAL-ın adı bu siyahıda yoxdur.

Niyəsini ilk növbədə bu klubların baş bilənləri bilər. Lənkəranlıları çıxsaq guya çempionatın ən güclü və mütəşəkkil Fan-klbuları da sən demə, bu klubların ətrafında formalaşıb.

Fan-klub azarkeş deməkdir. Daha doğrusu azarkeş ordusunun öndə gedənləri. Minlərlə-oxu yüzlərlə, çünki söhbət bizim çempionatımızdan gedir - fanat ordusunda hamı bir-birini tanıya bilməz. Fan-klublar ilk növbədə haradasa təşkilatçılıq, toparlanmaq, konsalidasiya olunmaq funksiyasını daşımalıdır. Amma, tutaq ki, “Bakı” kimi futbola milyonlar xərcləyən klubun oyununa cəmi 150 azarkeş gəlirsə və onun da yəqin ki yarısı “Qarabağ”ın “uşaqları”dırsa…burda ancaq və ancaq bir nəticəyə gəlmək olur: gəlib nəyə baxacaqlar?

Təkcə “Bakı”mı? Axı bu gün sözün həqiqi mənasında az qala Şərqi Avropa ölkələrinin aparıcı çempionatlarında çıxış edən klubların büdcəsi qədər büdcəyə malik klublarımız yaxşı-pis legionerlər-oxu “Bəxtiyarlar”-da tapıb gətirilər. Bəs bu milyonlar nəyə xərclənir? “Komissiya görsün ki” məntiqinə? Yoxsa azarkeş üçün futbol oynamağa?
Hə, məhz azarkeş üçün. Bəyəm futbolu anacaq avro kuboklara düşüb kimlərdənsə bir “molodes” almaq üçün oynayırlar. Stadiona azarkeş gəlmirsə, bu milyonlar niyə xərclənir görəsən? Və həmin futbolçular kimə görə, oynayırlar?

Məşhur bir deyimə bir qədər əl gəzdirsək, təxminən belə bir nəticə çıxacaq: hər bir azarkeş öz futboluna layiqdir.

Və nəhayət, Azərbaycan bəlkə də yeganə ölkədir ki burda futbol xuliqanları yoxdu. Bilirsizmi niyə?

Çox sadə; çünki stadionlarda azarkeş yoxdur.
…nədənsə yadıma bilet alverçiləri düşdü.
Onlar yadınızdadırmı?
Futbol oynaya bilsək, azarkeşlərlə bərabər mütləq onlar da gələcəklər…

Səbuhi MƏMMƏDLİ