Saşa Stamenkoviç: Mənə qarşı təzyiqlər oldu
19.11.2012 - 16:12
Saşa Stamenkoviç: Mənə qarşı təzyiqlər oldu
“Serbiyada “Partizan”la keçirdiyimiz ilk qarşılaşmada rəqib komandanın azarkeşlərinin güclü təzyiqi ilə üzləşmişdik. Şəxsən mənə qarşı 90 dəqiqə ərzində xoşagəlməz şüarlar səsləndirildi. Azarkeşlər və rəqib komandanın futbolçuları bizi təxribata çəkmək istəyirdi. Bunu anlayaraq səbrlə davrandıq və oyunun sonuna kimi mübarizə apardıq. “Partizan” heç-heçəni həzm edə bilmədiyi üçün oyundan sonra da mənə qarşı təzyiqlər oldu. Bununla belə səfərdən xalla qayıtdıq”. Bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.

Serbiyalı qapıçının fikrincə, Avroliqanın qrup mərhələsində “Partizan”ı yenmək üçün ilk növbədə “Neftçi”nin azarkeşləri çox fəal olmalıdır. Saşa cavab oyununda qapısından qol buraxmayacağına da söz verib: “Partizan”la cavab oyunu bu mövsüm evdə keçirəcəyimiz son qarşılaşma olacaq. Bu təkcə bizim yox, azarkeşlərimiz üçün də cavab qarşılaşmasıdır. İstərdim ki, onlar bu oyunda tribunaları doldursun və 90 dəqiqə ərzində rəqibi gərginlikdə saxlasın. Rəqib azarkeşlər də görsün ki, komandamıza və mənə burda necə böyük dəstək var. Qoy, “Neftçi”yə olan sevgilərini “Partizan”la oyunda da nümayiş etdirsinlər. Söz verirəm ki, “Partizan”la ilk matçda olduğu kimi bu dəfə də qapını toxunulmaz saxlayacam. Məqsədimiz qrupda ilk qələbəmizi qazanmaqdır. Azarkeşlərimizin köməyi ilə bunun öhdəsindən gələcəyik”.

Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu noyabrın 22-də keçiriləcək. Uelsli hakimlər briqadasının idarə edəcəyi görüş saat 21:00-da başlayacaq.