“Qəbələ”nin sabiq qapıçısı: Oğlum nə yeyə, nə də içə bilir
20.11.2012 - 00:01
“Qəbələ”nin sabiq qapıçısı: Oğlum nə yeyə, nə də içə bilir
“Oğlum 8 həftə əvvəl dünyaya gəlib və hazırda çətin anlar yaşayır. O, qida duyğuları olmadan anadan olub. Bu üzdən oğlum nə yeyə, nə də içə bilir. 24 saatdan sonra həkimlər onu əməliyyat etdi. Körpəm hazırda Edinburq Xəstə Uşaqlar Xəstəxanasında reanimasiya altındadır. Həkimlər və cərrahlar möhtəşəmdirlər. Mən onlara nə qədər təşəkkür etsəm də, azdır. Çünki onlar Rubenin tamamilə sağalacağı haqda optimist fikirdədilər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ”nin sabiq qapıçısı Qrem Smit deyib.

Şotlandiyalı qolkiper yayda “Qəbələ”dən ayrıldıqdan sonra bir neçə ay klubsuz qalmasına aydınlıq gətirib. Oğlu Rubenin anadan xəstə doğulması 29 yaşlı futbolçunu ölkəsindən aldığı bir neçə təklifi geri çevirməsinə səbəb olub.

Ancaq “Partik Tisl” qapıçısı Skott Foks 6 həftəlik sıradan çıxdığı üçün Smitə təklif göndərib. Beləliklə, Qrem aşağı dəstənin lideri olan Qlazqo təmsilçisi ilə 6 həftəlik müqavilə bağlamağa razılıq verib: “Bir neçə aydır futbol haqda düşünə bilmirdim. Mənim üçün ailəm ilk növbədə dayanır. Bir neçə klublardan təkliflər almışdım. Ancaq onların hamısını geri çevirdim. Ancaq “Tisl” mənə təklifi düzgün vaxtda etdi, bu üzdən onu qəbul etdim. Əminəm ki, Ruben tamamilə sağalacaq. Əgər eyni vaxtda klubla uzun müddətli müqavilə bağlaya bilsəm, bu yerinə düşər. Futbol oynamağa qayıtmaq yaxşı olacaq, ancaq bu tam ürəyimdən olmayacaq. Çünki mənim oyunlara köklənməyim Rubenin durumundan asılıdır”.

Smit ölkəmizdə oynaması haqda da qısaca danışıb: “Azərbaycanda oynamaq mənim üçün yaxşı təcrübə oldu. Mən altı il Şotlandiya Premyer Liqasında oynamışdım və karyeramda dəyişiklik etməyi lazım bilirdim. Həmin vaxt Toni Adams orda baş məşqçi idi və beləcə bizim yollarımız kəsişdi. Mən ora bir mövsümlük qoşuldum. Ola bilər, evimə qayıdarkən adamlar unudub ki, mən kiməm. Halbuki klublardan mənə təkliflər gələndə onları geri çevirdim”.

Sonda qolkiper yeni klubunda yanvarın 6-dək əhatə edən 6 həftəlik müddətdə özünü yaxşı tərəfdən göstərməyə çalışacağını bildirib: “İndi mən bu şansımı dəyərləndirdiyim üçün sevinirəm. Skott Foksun zədələnməsinə görə məyusam, ancaq bu mənə “Tisl”də oynamaq şansı yaradıb. Mən burda doqquz matça çıxacam. Bu isə təəssürat üçün kifayət qədər vaxt deməkdir”.