“Qızıl top”: Rəşad Sadıqov seçimini etdi
20.11.2012 - 12:10
“Qızıl top”: Rəşad Sadıqov seçimini etdi
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov dünyanın ən yaxşı futbolçusu ilə bağlı seçimini müəyyənləşdirib. Bu haqda apasport.az saytına məlumat verən 30 yaşlı müdafiəçi “Qızıl top”a hər 3 namizədinin adının açıqlayıb.

O, argentinalı Lionel Messi, portuqaliyalı Kriştianu Ronaldo və ispaniyalı Andreas İnyestaya üstünlük verib.

“1-ci yerlə bağlı çox fikirləşdim. Bu il Avropa çempionluğu qazanan İspaniya yığmasının futbolçularının uğuru böyükdür. Ancaq onlar komanda şəklində güclüdür. 5-6 lider futbolçusu var – İker Kasilyas, Havi Ernandes, Andres İnyesta və sair. Ancaq aşkar seçilən futbolçusu olmadığından, kiməsə üstünlük verə bilmədim. Bu səbəbdən çox fikirləşdikdən sonra Messini 1-ci göstərdim. O, bu il də yüksək səviyyəli oyun nümayiş etdirib, bir sıra rekordlar qırıb, yığmada da uğurlu oyunlar keçirdib. Lionel kimi İspaniyada məhsuldarlıq göstərən Ronaldonu 2-ci yerdə göstərdim. Seçimdə ispaniyalı olmalı idi ki, bunda Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İnyestaya üstünlük vedim” – deyə, Sadıqov bildirib.

Qeyd edək ki, Sadıqov ötən il də ən yaxşı futbolçu kimi Messiyə səs vermişdi.

Mehman SÜLEYMANOV