Azərbaycan klublarına IV divizion nümunəsi
24.11.2012 - 11:14
Azərbaycan klublarına IV divizion nümunəsi
Şotlandiya çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, IV divizionda keçirilməli olan “Elqin Siti” – “Reyncers” oyunu təxirə salınıb. Buna səbəb isə qarşılaşmaya həddən artıq çox biletin satılmasıdır.

Belə ki, ölkə çempionluğunda dünya rekordçusu olan – 54 qat Şotlandiya birincisi “Reyncers”in qonaq komanda olması yerli azarkeşlərdə böyük maraq oyadıb. İş o yerə çatıb ki, “Elqin Siti” rəhbərliyi bilet satışı ilə bağlı haqq-hesabını da itirib. 478 oturacağı olan ayaqüstü yerlərlə birlikdə 4520 tamaşaçı tutan arenaya minlərlə artıq biletin satılması məlum olsa da, dəqiq say qeyri-müəyyən qalır. Elə bu da matçın təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, Şotlandiyadan fərqli Azərbaycan futbolunda azarkeş saylı problemli məsələdir. Belə ki, Topaz Premyer Liqasındakı orta tamaşaçı sayı “Elqin Siti” klubunun stadionunun tutumundan təxminən 2 dəfə aşağıdır. Klublarımız IV divizion təmsilçisinin arenasına bilet satışına yalnız həsəd apara bilər.