Bakıda “Qalatasaray”ın rəsmi mağazası açılacaq
24.11.2012 - 13:33
Bakıda “Qalatasaray”ın rəsmi mağazası açılacaq
Bakı şəhərində Türkiyənin “Qalatasaray” idman klubunun rəsmi mağazası – “Galatasaray Store” açılacaq.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “NTV Spor” telekanalı məlumat yayıb. “Qalatasaray” rəhbərliyi Azərbaycanda “Qalatasaray” azarkeşlərinin sayının çoxluğunu nəzərə alaraq bu qərara gəlib. Mağazada “Nike” firmasının istehsalı olan orijinal “Qalatasaray” formaları və klubun digər simvolikası satılacaq.

Bakı “Galatasaray Store”un təntənəli açılış mərasiminə klub rəhbərliyinə daxil olan şəxslər, “Galatasaray Store” mağazalar şəbəkəsinin baş direktoru Nurəddin Kantarelli, bəzi indiki və keçmiş futbolçular, baş məşqçi Fateh Terimin köməkçisi Həsən Şaş və digər şəxslərin qatılacağı gözlənilir. Açılışın nə vaxt olacağı hələlik bəlli deyil. “Qalatasaray” rəhbərliyi Bakıdakı mağazadan ildə təxminən 1 milyon dollar gəlir götürməyi planlaşdırır.

Qeyd edək ki, hazırda Türkiyədə 41, Şimali Kipr Türk Cümhuriyyətində isə 1 “Galatasaray Store” mağazası fəaliyyət göstərir. Satışlar internet vasitəsilə də həyata keçirilir.