Yubiley qolu paytaxt derbisinə qaldı
24.11.2012 - 17:13
Yubiley qolu paytaxt derbisinə qaldı
Topaz Premyer Liqasının XIV turu Azərbaycan futbolu tarixində əlamətdar hadisə ilə səciyyələnə bilər. Apasport.az saytının məlumatına görə, bu tur 1992-ci ildən bu yana ölkə çempionatları tarixində 10 000-ci qol vurulması mümkündür. Artıq bunun üçün cəmi 1 qol lazımdır. Belə ki, artıq çempionatlar tarixinin 9999 qolu var.

Statistik göstəricilərə görə, ötən 20 çempionat ərzində 9823 top, cari mövsümün 13 turunda isə 172 top vurulmuşdu. Bu isə o deməkdir ki, bu günə kimi 9995 qol qeydə alınmışdı. Topaz Premyer Liqasında indiyədək baş tutmuş 69 qarşılaşmada orta məhsuldarlıq 2,49 top olduğundan ölkə çempionatı üçün yubiley – 10 000-ci qolun məhz bu gün vurulacağı ehtimal olunurdu. Lakin günün 3 qarşılaşmasında cəmi 4 top qeydə alındı və yubiley sabahadək təxirə salındı.

Belə ki, günün 5-ci qolu tarixi əhəmiyyətə malik idi. Bu topu da günün son matçında təsadüf olunması gözlənilirdi. Çünki “Qarabağ”la “Turan” və “Kəpəz”lə “Xəzər Lənkəran”ın matçlarında üst-üstə 3 qol vuruldu. “İnter”i qəbul edən “Simurq” hesabı açdıqdan sonra Azərbaycan futbolu 10 mininci qolun astanasında dayandı. Lakin Zaqatalada növbəti qol vurulmadığından ümidlər sabaha qaldı.

Sabahkı ilk qol 10 mininci olacağından diqqətlər günün 1-ci matçınadır. Həmin görüş isə “Bakı” və “Neftçi” arasında paytaxt derbisidir. Düzdür, derbi qolsuz da bitə bilər. Lakin günün hər 3 matçının qolsuz bitməsi heç inandırıcı deyil. Bu tarixi qolu vurmaq şansı isə daha çox məhz paytaxt derbisinin iştirakçılarındadır.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov (“Qarabağ”) olub.