Namiq Yusifov: Bunu nəticə haqda demək olmaz
25.11.2012 - 15:56
Namiq Yusifov: Bunu nəticə haqda demək olmaz
“Oyun elə də çətin keçmədi. Sadəcə, gözləmədiyimiz anda qapımızdan qol buraxdıq. Belə deyək də, epizodlarımız çox oldu, amma qol vurmaqda çətinlik çəkdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifov deyib.

Topaz Premyer Liqasının XIV turunda “Turan”la qarşılaşan “Qarabağ” heç-heçə ilə barışmalı olub. Oyunun gedişində hesabda geri düşən Ağdam təmsilçisi avtoqol sayəsində status-kvonu bərpa edə bilib. Təbii ki, çempionluq uğrunda mübarizə aparan komanda üçün bu nəticəni heç də uğurlu saymaq olmaz. Yarımmüdafiəçi gözləmədikləri xal itkisi ilə qarşılaşdıqlarını qeyd etdi: “Rəqib əks-hücumlarda oynayırdı. Bu xal itkisi bizim üçün gözlənilməz oldu. Çalışacağıq ki, qarşıdakı oyunlarda bunu sığortalayaq. Çünki “Turan”ı udub, liderə çatmağı planlaşdırmışdıq”.

Yusifov cari mövsümdəki qeyri-sabit çıxışla bağlı da danışdı: “Oyunumuz sabitdir, amma bunu nəticə haqda demək olmaz. Hər oyunda qol vəziyyətləri yaradırıq. Lakin reallaşdıra bilmirik. Səbəbini izah edə bilmirəm. Komanda şəklində bunu həyata keçirə bilmirik. Hər şeyi yalnız hücumçuların üzərinə atmaq olmaz”.