“Onlar kağız üzərində favoritdirlər”
25.11.2012 - 17:00
“Onlar kağız üzərində favoritdirlər”
“Səfərə xal qazanmaq üçün çıxmışdıq. Bunun 3 və ya 1 olmağının fərqi yox idi. Qələbəni özümüz əldən verdik. Bununla belə, ilk “altılıq”a düşmək üçün mübarizəni davam etdirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun hücumçusu Fərid Quliyev deyib.

Son turda “Qarabağ”la xalları yarı bölən “Turan” uğurlu çıxışını davam etdirir. Əslində, Tovuz təmsilçisi paytaxtdan 3 xalla da ayrıla bilərdi. Lakin sona yaxın Mikayıl Rəhimovun avtoqola imza atması buna imkan vermədi. Oyun ərzində rəqib müdafiəsini gərginlikdə saxlayan forvard şanslarının davam etdiyini də gizlətməyib: “Şansımız var. Əgər səfərdə iddialı komandadan xal alırıqsa, deməli mübarizəni davam etdirəcək gücdəyik”.

Futbolçu matçdan əvvəl rəqibin cütün favoriti hesab edilməsinə də toxunub: “Hər oyundan əvvəl “Turan”ı dəyərləndirmirlər. Biz autsayder hesab edilirik. Halbuki çempionatda favorit yoxdur. İstənilən rəqiblə başabaş mübarizə aparmaq olar. Onlar kağız üzərində favoritdirlər”.

Futbolçu qələbənin sona yaxın əldən çıxmasına görə üzüldüyünü də gizlətmədi: “Çox təəssüf ki, hesabdakı üstünlüyümüzü qoruya bilmədik. Özü də sona yaxın hesab bərabərləşdi. Amma bir xal da pis nəticə deyil”.

Quliyev komandanın qarşısına qoyulan məqsəd haqda da danışdı: “Qarşıda kubok oyunumuz var və mərhələ adlamaq istəyirik. Əsas məqsədimiz ilk “altılıq”a düşməkdir. Bunun üçün çalışırıq. Hər iki cəbhədə irəliləməyə çalışacağıq. Amma “ilk altılıq”a düşmək daha vacibdir”.