“Dinamo” və “Şaxtyor” oynamaq istəyirsə, bizim çempionatda çıxış etsin”
06.12.2012 - 16:03
“Dinamo” və “Şaxtyor” oynamaq istəyirsə, bizim çempionatda çıxış etsin”
“Bu ideyanı dəstəkləmirəm. Rusiyada kifayət qədər güclü çempionat var. Turnir cədvəlinin aşağılarında qərarlaşan hər komanda liderləri məğlub edə və ya onların kefinə soğan doğraya bilər. Bizim balanslaşdırılmış çempionatımız var. Ona görə də kiminləsə birləşməyə dəyməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kuban”ın moldovalı müdafiəçisi İqor Armaş deyib.

O, “Qazprom” ASC-nin İdarə Heyətinin sədri, “Zenit”in sahibi Aleksey Miller və MOİK-in prezidenti Yevgeni Ginerin yaxınlarda irəli sürdüyü MDB dövlətlərinin vahid futbol çempionatının keçirilməsi ideyasına toxunub. 25 yaşlı futbolçu birmənalı şəkildə bu ideyaya qarşı çıxıb. Çünki belə olan halda “Kuban” elitada çıxış etməyəcək. Onun sözlərinə görə, vahid çempionat təşkil etməkdənsə, xarici klublar gəlib Rusiyada oynasın: “Əgər Kiyev “Dinamo”su və Donetsk “Şaxtyor”u bizimlə oynamaq istəyirsə, qoy bizim çempionatda çıxış etsin. Yoxsa qlobal şəkildə birləşmə lazım deyil. Belə olsa, bir neçə divizion yaradılacaq. Rusiya komandaları bir yerdə mübarizə aparmayacaq. Onda kim bilir, “Kuban” harda qərarlaşacaq. Premyer Liqada çıxış etmək üçün az güc sərf etməmişik. Biz burda oynamağa layiqik”.

“Zimbru”nun sabiq müdafiəçisi bu ideyanın uğursuz olmasını Moldova klublarının Rusiya komandaları ilə rəqabət apara bilməməsi ilə də əlaqələndirib: “Əgər Moldova çempionatını təmsil edən haqda danışsaq, ordan heç bir klub Rusiya Premyer Liqa komandasını məğlub edə bilməz. Reytinq, infrastruktur, futbolçu seçimi baxımından orda rus komandaları ilə layiqli mübarizə apara biləcək potensial namizəd yoxdur”.