Rəşad Sadiqov avrokuboklarda liderliyini möhkəmləndirdi
07.12.2012 - 04:37
Rəşad Sadiqov avrokuboklarda liderliyini möhkəmləndirdi
“Neftçi”nin kapitanı Rəşad Sadiqov avrokuboklarda liderliyini möhkəmləndirib. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan 29 yaşlı yarımmüdafiəçi Avroliqanın qrup mərhələsində “İnter”lə İtaliyada 2:2 hesabı ilə nəticələnən səfər matçında vurduğu gözəl qolla bombardirlər yarışında ən yaxın izləyicilərindən bir qədər də aralanıb. Belə ki, bu, Rəşadın qitə miqyaslı turnirdə vurduğu 7-ci qol olub və bu göstəricidə ən məhsuldar oyunçumuz olaraq qalır.

O, bu qollardan 5-i bundan öncə çıxış etdiyi “Qarabağ”da Avroliqada vurub. Bu yay “Neftçi”yə qayıdan Sadiqov Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubu ilə oyunda penaltidən qol vurmuşdu. Maraqlıdır ki, həmin səfər matçı da 2:2 hesabı ilə nəticələnmişdi.

Rəşad bundan sonra Avroliqanın son təsnifat mərhələsində Kiprdə APOEL-ə 3:1 hesabı ilə qalib gəldiyimiz tarixi oyunda da fərqlənsə də, UEFA qolu komanda yoldaşı Cavid İmamverdiyevin adına yazmışdı. Nəhayət, Rəşad yenə səfərdə, yenə 2:2 hesablı oyunda qol vuraraq, nəticədə əsas pay sahiblərindən olur. Özü də o, “İnter”ə qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşür.

Avrokuboklarda bombardirlər siyahısı
1. Rəşad Sadiqov – 7
2-3. Rəşad Sadıqov, Əfran İsmayılov – 5
4-7. Vüqar Nadirov, Badri Kvaratsxeliya, Feliks Felipe Almeyda, Branimir Subaşiç - 4
8-12. Rauf Əliyev, Zaur Ramazanov, Müşfiq Hüseynov, Georgi Adamiya, Nikolas Kanales - 3