Junior Nildo: Bu haqda heç danışmaq istəmirəm - MÜSAHİBƏ
10.12.2012 - 00:00
Junior Nildo: Bu haqda heç danışmaq istəmirəm - MÜSAHİBƏ
AZAL klubunun hücumçusu Junior Nildonun apasport.az saytına müsahibəsi

- Hesabat turunda “İnter”lə qolsuz heç-heçə ilə başa çatan oyunun nəticəsi daha çox hansı komandanın işinə yaradı?
- Çətin oyun oldu. “İnter” çempionatda ən güclü komandalardan biridir. Məncə, pis oynamadıq. Nəticə də pis deyil, yaxşıdır. Amma daha çox qələbə qazanmaq istəyirdik.

- İkinci hissədə daha fəal idiniz. Deyəsən, baş məşqçi fasiləyə qədər müdafiədən oynamağınızı tapşırmışdı…
- Birinci hissə bizim üçün çətin keçdi. Çünki rəqibi öyrənirdik. İkinci hissədə tamamilə hücumameyilli futbol oynadıq. Müəyyən dəyişikliklər də edildi. Bu da bizim üçün yaxşı oldu. Artıq bilirdim ki, rəqib müdafiəçilər necə oynayırlar.

- Müdafiəçilərin oyununu öyrəndiyiniz halda yenə qol vura bilmədiniz. Səbəbini nə ilə izah edə bilərsiniz?
- Çox təəssüf ki, uzun müddətdir ki, qol vura bilmirəm. Amma əlimi yanıma salıb dayanmamışam. Üzərimdə daim işləyirəm. Ən yaxşı oyunlarımı nümayiş etdirməyə çalışıram. Qarşıdakı matçlarda yenidən qollar vurmaq istəyirəm.

- Mövsümə yaxşı başlamışdınız. Hətta “Qarabağ”ın qapısından 4 top keçirdikdən sonra hamı sizin çempionatın ən yaxşı hücumçusu olacağınızı düşünürdü. Bəs bunun davamı niyə gəlmədi? Bəlkə ardıcıl qollardan sonra sizdə arxayınçılıq yaranıb?
- Bu düzgün yanaşma deyil. Nə arxayınlaşmışam, nə də formadan düşmüşəm. Sadəcə, bəzi oyunlarda bəxtim gətirmir.

- AZAL-ın qeyri-sabit oyunu nə ilə bağlıdır?
- Bunun səbəbini hamılıqla axtarırdıq. Artıq komanda toparlanıb. Hamımız bir yerdəyik. Tədricən əvvəlki nüfuzumuzu da qaytarırıq. Çox yaxşı oynayırıq. Futbolda bu cür hallar qaçılmazdır.

- Hazırkı vəziyyətdə AZAL-ın mükafatçılar sırasına düşə biləcəyinə inanırsınızmı?
- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Medalçılar sırasına düşə bilməsək belə, avrokuboklarda oynamaq imkanı verən vəsiqəni qazanacağıq. Komanda olaraq bunun üçün çalışırıq.

- Adətən legioner futbolçular bir neçə qol vurduqdan sonra başqa klublardan təklif alır. Sizinlə necə, maraqlanan varmı?
- Belə bir təklif yoxdur. Bu haqda heç danışmaq da istəmirəm. Mən peşəkar futbolçuyam. Hazırkı klubumla 2 illik müqaviləm var. Öz klubumun uğurları haqda düşünürəm.