Baçana Sxadadze: Hələ də ayağımda ağrılar var
10.12.2012 - 00:01
Baçana Sxadadze: Hələ də ayağımda ağrılar var
“Çox çətin oyun oldu. AZAL yaxşı rəqibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in hücumçusu Baçana Sxadadze deyib.

Topaz Premyer Liqasının XVI turunda AZAL-ı qəbul edən “bankirlər” xal itkisi ilə barışıb. Meydan sahibləri bütün cəhdlərinə baxmayaraq, rəqib qapısına yol tapa bilməyib. Nəticədə oyun başladığı hesabla bitib. Oyun haqda danışarkən, gürcüstanlı futbolçu rəqibin güclü olduğunu da etiraf edib: “Qol vurmaq üçün imkanlarımız oldu. Amma realizə edə bilmədik. Rəqibin də qapımıza yol tapması üçün şansları vardı. Ümumiyyətlə, AZAL çempionatda öz dəsti-xətti olan klublardandır”.

AZAL-ın xüsusilə də əks-hücumlarda təhlükəli olduğunu bildirən Sxadadze fikrini belə tamamlayıb: “Rəqib oyunu əks-hücumlar üzərində qurmuşdu. İkinci hissədə daha çox təhlükə yaratdılar”.

Zədələnərək oyunu yarımçıq tərk edən hücumçu ağrılarının olduğunu da deyib: “Birinci hissədə zədələndim. İkinci hissənin gedişində isə əvəzləndim. Hələ də ayağımda ağrılar var”.