Ruslan Əmircanov: Meydana bunun üçün çıxmışdıq - MÜSAHİBƏ
10.12.2012 - 00:03
Ruslan Əmircanov: Meydana bunun üçün çıxmışdıq - MÜSAHİBƏ
“İnter”in müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XVI turunda AZAL-la heç-heçə (0:0) başa çatan oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Ona görə də ciddi hazırlaşmışdıq. Sürətli oyunun şahidi olduq. Qol şanslarımız oldu, amma yararlana bilmədik. Rəqibin də fərqlənmək imkanları var idi. Fikrimcə, ev sahibi kimi üstün oyun nümayiş etdirdik. Udmalı idik. Birinci pillədəki yerimizi qorumaq üçün 3 xal hava-su kimi lazım idi.

- İkinci hissədə “İnter”in müdafiəyə çəkilməyinə nə səbəb oldu?
- Rəqib əks-hücumlarda təhlükəli olurdu. Baş məşqçimiz AZAL-ın oyununu analiz edərkən də demişdi ki, onlar əsasən sürətli hücumlar qururlar. Biz də çalışdıq ki, səhv buraxmayaq. Çünki bunu etsəydik, qapımıza qol vuracaqdılar.

- Nəticəni hansı komanda üçün uğurlu hesab etmək olar?
- Biz udmaq istəyirdik. Meydana bunun üçün çıxmışdıq. Öz meydanımızda oynadığımıza görə 3 xal qazanmalı idik. Onlardan üstün oynadığımızı deyə bilərəm. Şanslarımızın birindən istifadə edə bilsəydik, qələbə qazanacaqdıq.

- Əsas rəqiblərinizdən “Qarabağ” turu 3 xalla başa vurdu və xallarınız bərabərləşdi. Bu sıxlıq kimin işinə yarayacaq?
- Xalların bərabərləşməməsi üçün mütləq qələbə qazanmalı idik. İstəyirdik ki, xal fərqini artıraq. Çox təəssüf ki, bunu bacarmadıq.

- “İnter” etibarlı müdafiəsi ilə seçilir. Amma bu uğuru hücum xəttində təkrarlaya bilmir. Bəlkə hücumçularınız zəifdir?
- Biz baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Məsələn, o, müdafiədə sıxlıq olmasını istəyir. Çalışır ki, səhv buraxmayaq və qapımıza qol vurulmasın. Hücumda isə yaratdığımız şansları dəyərləndirməyə çalışırıq. Hücumçularımızın zəif olması barədə deyilən fikirlərlə razı deyiləm. Baş məşqçinin komandaya cəlb etdiyi futbolçuların hamısı güclüdürlər. O, onlara inandığı üçün komandaya götürüb. Əsas problemimiz odur ki, əziyyət çəkib şans yaradığıq, amma onu reallaşdıra bilmirik. Elə oyunlar olur ki, 5 epizod yaradırsan, ancaq birini qapıdan keçirə bilirsən.

- Final mərhələsində ağır oyunlar olacaq. Bunu nəzərə alaraq əksər komandalar indidən xal ehtiyatını artırmaq haqda düşünür. “İnter”də vəziyyət necədir?
- İlk “altılıq”da çətin olacaq. Oraya düşən komandaların hamısı güclü rəqiblərdir. Evdə və ya səfərdə oynamağımızadan asılı olmayaraq, xallar qazanmalıyıq ki, çempionluq şansımız artsın. Sonra çətin olacaq.