“Neftçi” bizimlə görüşə qisas almaq hissi ilə çıxmışdı” – MÜSAHİBƏ
11.12.2012 - 15:03
“Neftçi” bizimlə görüşə qisas almaq hissi ilə çıxmışdı” – MÜSAHİBƏ
“Rəvan”ın müdafiəçisi Şəhriyar Rəhimovun apasport.az saytına müsahibəsi

- “Neftçi”yə 0:2 hesabı ilə uduzduz. Oyun haqda nə deyə bilərsiz?
- Rəqib layiqli qələbə qazandı. Yaxşı oynadılar. Biz isə öz oyunumuzu göstərə bilmədik. Hakimlik haqda çox danışmaq istəmirəm. Düzdür, həmin anı mən görməmişəm. Deyilənə görə, hesab hələ 0:0 olanda “Neftçi”nin qapısı istiqamətinə təmiz penalti verilə bilərdi. Hakim həmin penaltini qeydə alsaydı və biz qol vursaydıq, bəlkə də hər şey başqa cür olacaqdı. Bununla belə, “Neftçi” yaxşı oynadı və bunu danmaq olmaz.

- Bayılda keçirilən ilk qarşılaşmada siz də onları məhz bu hesabla yenmişdiz. Bəlkə “Neftçi”nin qələbə qazanmasında rəqib futbolçuların qisas hissinin olması da rol oynayıb...
- Düzdür, ilk oyunumuzda “Neftçi”yə qalib gəlməyimiz onlar üçün gözlənilməz nəticə olmuşdu. Ona görə də bu matça xüsusi köklənmişdilər. Bizimlə görüşə qisas almaq hissi ilə çıxmışdılar. Bu üzdən qələbə istəyi onlarda daha çox idi.

- Bəs öz oyununuzdan razı qaldız?
- Komandam 0:2 hesabı ilə uduzursa, öz oyunumdan necə razı qala bilərəm? Ümumiyyətlə, komanda pis oynadı. Kimisə fərqləndirmək olmaz.

- “Rəvan” ardıcıl 3 oyundur ki, 2 top fərqi ilə uduzur. Bundan öncə isə qələbə də qazanırdız. Komandanın qeyri-sabit çıxışı nə ilə əlaqədardır?
- Düz qeyd edirsiz. Bizim ən böyük problemimiz stabillikdir. AZAL, “Neftçi” kimi komandaları uduruq, amma gedib “Kəpəz”ə uduzuruq. Gah yaxşı oynayırıq, gah da pis. Səbəbini bilsəydik, yəqin ki bunu araşdırıb oyunumuzu düzəldərdik. Ancaq çalışacağıq ki, heç olmasa bundan sonrakı qarşılaşmalarımızda sabit çıxış edək.

- Bilirəm ki, “Rəvan”la icarə müqaviləniz yayda bitir. Ancaq “İnter” sizi qışda komandaya qaytarmaq istəsə, gedərsizmi?
- Yox. Müqaviləm başa çatdıqdan sonra “İnter”ə qayıda bilərəm.

- Avrokuboklarda oynamaq baxımından, yəqin ki “İnter”ə qayıtmaq istəyərsiz...
- Buna mövsümün sonunda baxarıq. Onsuz da mövsüm başa çatdıqdan sonra “Rəvan”la da, “İnter”lə də müqaviləmin müddəti bitəcək. Hələ nə olacağını indidən bilmirəm.

- Hər halda, “Rəvan”da da daha çox oyun praktikası qazanmaq imkanına maliksiz...
- Əlbəttə, bura özüm keçməyə razılıq vermişəm. Məhz oynamaq üçün “Rəvan”a gəlmişəm.

SƏBUHİ TOFİQOĞLU