Bəhruz Şirəliyev: Bizim AFFA-ya 2 min manat ödəmək fikrimiz yoxdur
11.12.2012 - 17:18
Bəhruz Şirəliyev: Bizim AFFA-ya 2 min manat ödəmək fikrimiz yoxdur
“İntizam Komitəsinin klubumuzla bağlı çıxardığı qərardan narazıyıq”. Bunu apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Bu gün İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Bu iclasda son turun oyunları müzakirə olunub. Dünən keçirilən “Neftçi” – “Rəvan” matçı da hadisələrdən kənar qalmayıb.

Belə ki, “Rəvan” bosniyalı çalışdırıcısı Kemal Alispahiçə görə AFFA xəzinəsinə 3 min manat ödəməlidir.

Ancaq “Rəvan” rəhbərliyi qərarın bir hissəsi ilə razı deyil və yuxarı instansiyaya müraciət ünvanlamağı planlaşdırır: “Kemal Alispahiç texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Buna etirazımız yoxdur və 1000 manat ödəməyə hazırıq. Biz qərarın ikinci hissəsi ilə razı deyilik. Guya məşqçimizin mətbuat konfransında hakimlik əleyhinə qeyri-etik ifadələr işlətdiyi deyilir. Halbuki, videoyazılarda da var. Alispahiç hər hansı bir qeyri-etik sözə yol verməyib. Bizim bununla bağlı 2 min manatı ödəmək fikrimiz yoxdur. Ona görə də sabah AFFA Apellyasiya və Ekspert Komitəsinə şikayət məktubu ünvanlayacağıq”.

Qeyd edək ki, “Neftçi” – “Rəvan” oyunu “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

SƏBUHİ TOFİQOĞLU