Venger yetirmələrinə dəstək oldu
12.12.2012 - 20:27
Venger yetirmələrinə dəstək oldu
“Arsenal” İngiltərə Liqa Kubokunda “Bredford”a uduzandan sonra mətbuat tərəfindən tənqid atəşinə tutulan baş məşqçi Arsen Venger futbolçularını müdafiə edib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis aşağı liqa komandasına penaltilər seriyasında məğlub olmasının səbəbini bəxtlərinin gətirməməsi ilə əsaslandırıb:

“Uduzmağımıza çox üzüldüm. Lakin futbolçularımın bir-birindən utanmaqlarına ehtiyac yoxdur. Çünki onlar qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma bu gün şans bizdən üz döndərdi” - deyə, Venger bildirib.

Qeyd edək ki, dünən keçirilən “Bredford” - “Arsenal” oyunu əsas vaxta qədər 1:1 hesabı ilə başa çatıb. Əlavə 30 dəqiqəyə ehtiyac duyan tərəflər burada fərqlənə bilməyib. Penaltilər seriyasında isə meydan sahibləri 3:2 hesabı ilə qalib ayrılıb.