“Futbolçu dərk etməlidir ki, tək özü üçün oynamır” – MÜSAHİBƏ
13.12.2012 - 00:00
“Futbolçu dərk etməlidir ki, tək özü üçün oynamır” – MÜSAHİBƏ
“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi.

- AZAL-la oyunun hazırlığı necə gedir?
- Məşqlərimiz normal davam edir. Hazırlığımızı klubun stadionunda həyata keçiririk. Təəssüf ki, heyətimizdə itkilər çoxdur. Ruslan Zubkov bu qarşılaşmada iştirak edə bilməyəcək. Çünki futbolçu müqavilə ilə AZAL-a məxsusdur. Bizdə icarə əsasında çıxış edir. Nuqzar Kvirtiya isə zədəlidir. Marius Kazlauskas sarı vərəqə limitini doldurduğuna görə, meydana çıxmayacaq. Bunlar bizim üçün ciddi itkilərdir.

- Komandada ab-hava necədir?
- Ötən həftəsonu oynamadıq. Bizim üçün fasilə yarandı. Ümumiyyətlə ilin sonuna yaxınlaşdığımızdan, çalışırıq ki, əhval-ruhiyyəni saxlayaq. Şükürlər olsun ki, hər şey qaydasındadır.

- Ötən həftə yanğın səbəbindən oyununuz təxirə salındı. Stadionda təmir işlər aparılırmı?
- Stadionda işlər gedir. Yanan ərazi bərpa olunur. İşçilər iki növbəli iş rejimində çalışırlar. “Qəbələ” ilə oyuna qədər hər şeyin yekunlaşmasını istəyirik. Yanğın zamanı istilik sisteminə də ziyan dəyib. Buna görə də görüləsi işlər çoxdur.

- Qış fasiləsi zamanı keçirəcəyiniz təlim-məşq toplanışının proqramı hazırdırmı?
- Planımız təxmini hazırdır. Fasilə zamanı nədənsə narazı qalan futbolçularla yollarımızı ayıracağıq. Kim ki, sona qədər bizi dəstəkləyəcək, meydanda ürəyini qoyacaq, o da komandada qalacaq. Futbolçu dərk etməlidir ki. tək özü üçün oynamır. O, həm də klub, həm də baş məşqçi üçün çalışır.

- Bəs yeni gələnlər olacaqmı?
- Təbii ki, gedənlərlə bərabər, gələnlər də olacaq. Transfer vaxtı həmin futbolçuların öz klubları ilə müqaviləsinin olub-olmadığına baxacağıq. Yəni fasilədə hər şeyi yerbəyer edəcəyik.

- Komandada maddi problem varmı?
- Maddi durumumuz yaxşıdır. Hərənin öz anlayışına, hazırlıq səviyyəsinə uyğun qiymət veriləcək. Klub daxilində narazılıqdan söhbət gedə bilməz. Balanslaşmış komandamız var. Tədricən klub əvvəlki nüfuzunu geri qaytarır. Kim ki, bu yolda bizimlə sona qədər mübarizə aparmaq istəməyəcək, ayrılacağıq. Bir daha vurğulayıram ki, ilin sonuna qədər qarşılaşmalı olduğumuz AZAL və “Qəbələ” ilə görüşlər çox ağır keçəcək. Buna hazır olmalıyıq.